Süni intellekt sahəsindəki sürətli inkişaf insan beynindəki fəaliyyətlərin təhlil edilərək düşüncələrin görüntü və mətn formasında əks etdirilməsi istiqamətində yeni imkanlar yaradıb. Texnologiya şirkətlərinin də maraq göstərdiyi bu sahə zehni məxfiliyin qorunması ilə bağlı müzakirələri gündəmə gətirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, “The New York Times” qəzetində Trevor Paglenin müəllifi olduğu məqalədə beyin fəaliyyətinin süni intellekt vasitəsilə təhlilinə dair araşdırmaların hazırkı vəziyyəti işıqlandırılıb.

Məqalədə Kornell Universitetində aparılan təcrübədən bəhs olunur. Tədqiqat zamanı iştirakçılar iki gün ərzində ümumilikdə üç saat funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) cihazına qoşulublar. Cihaz vasitəsilə beyin fəaliyyəti qeydə alınıb və iştirakçıların zehnində canlanan görüntülər yenidən yaradılmağa çalışılıb.

Beyin fəaliyyəti görüntü və mətnə çevrilir

Kornell Universitetinin radiologiya professoru Amy Kuceyeski incəsənət mövzularını əhatə edən uzunmüddətli təcrübələr həyata keçirib. Araşdırma çərçivəsində iştirakçıların beyin fəaliyyətindən əldə olunan məlumatlar süni intellekt modelləri vasitəsilə emal edilib. Nəticələrin insan zehnində canlanan görüntüləri yenidən yaratmaq potensialına malik olduğu bildirilib.

Məqalədə Kaliforniya Universitetinin Berkli kampusunda çalışan Jack Gallantın 2011-ci ildə apardığı araşdırmaya da diqqət çəkilib. Həmin tədqiqatda iştirakçılar film izləyərkən onların beyin fəaliyyəti qeydə alınıb. Daha sonra kompüter modelləşdirməsi və xüsusi proqramlaşdırma üsulları vasitəsilə izlənilən görüntülərin bulanıq, lakin tanınan bənzərləri yaradılıb.

Bu üsullar müasir süni intellekt sistemlərinin inkişafında da istifadə olunur. Tədqiqatçılar beyin siqnallarından istifadə etməklə zehni fəaliyyətə aid görüntülərin əldə edilməsində irəliləyişlərin olduğunu bildirirlər.

EEG sensorları qulaqlıqlara qədər gəlib çatıb

Beyin fəaliyyətinin təhlilinə dair araşdırmalar artıq yalnız xəstəxana və laboratoriyalarla məhdudlaşmır. Böyük texnologiya şirkətləri də bu sahəyə investisiya yatırır.

Məlumata görə, Microsoft beyin siqnallarını təhlil edərək idarəetmə əmrlərinə çevirmək üçün istifadə oluna bilən EEG cihazına patent alıb. Meta isə beyin siqnallarını kompüter əmrlərinə çevirən texnologiya üzərində çalışan bir startapı 500 milyon-1,1 milyard dollar arasında qiymətləndirilən məbləğə satın alıb.

Apple-ın da AirPods qulaqlıqlarına EEG sensorlarının inteqrasiyası imkanlarını nəzərdən keçirdiyi bildirilir.

Bu texnologiyaların inkişafı gələcəkdə beyin fəaliyyətinin gündəlik istifadə olunan elektron cihazlar vasitəsilə izlənilməsinə şərait yarada bilər. Bununla yanaşı, insanların şəxsi düşüncələrinin və zehni məlumatlarının məxfiliyinin qorunması məsələsi də daha böyük əhəmiyyət qazanır.