Kopenhagen Universitetində aparılan elmi araşdırma müntəzəm qəhvə istehlakının həzm sisteminin fəaliyyətinə təsir göstərə biləcəyini ortaya qoyub. Tədqiqatın nəticələrinə görə, qəhvə bağırsaq hərəkətləri və yoğun bağırsağın yığılmaları ilə yanaşı, bağırsaq mikroorqanizmlərinin müxtəlifliyi ilə də əlaqəlidir.

QHT.az xarici mediaya istinadən bildirir ki,  araşdırmada müntəzəm qəhvə istehlakı ilə həzm sistemində baş verən fizioloji dəyişikliklər arasındakı əlaqə öyrənilib.

Tədqiqatçılar iştirakçıların udduğu kiçik elektron kapsul vasitəsilə həzm sistemindəki prosesləri izləyiblər. Kapsul mədə-bağırsaq traktından keçərkən qidanın hərəkət müddətini, temperaturu, turşuluq səviyyəsini və bağırsaq yığılmalarını ölçüb.

Danimarkada yaşayan 61 sağlam yetkinin iştirak etdiyi araşdırmada şəxslər qəhvə istehlakı vərdişlərinə görə iki qrupa bölünüblər. Birinci qrupa səkkiz günlük tədqiqat müddətinin ən azı dörd günündə gündə 1-5 fincan qəhvə içənlər, ikinci qrupa isə qəhvəni daha az qəbul edənlər daxil edilib.

Bağırsaq mikrobiotası da təsirlənir

Araşdırmanın nəticələrinə əsasən, müntəzəm qəhvə içən insanların bağırsaqlarında yaşayan mikroorqanizmlərin müxtəlifliyi daha az qəhvə istehlak edənlərlə müqayisədə yüksək olub.

Bu nəticə qəhvənin bağırsaq mikrobiotasının, yəni həzm sistemində yaşayan bakteriya və digər mikroorqanizmlərin tərkibinə təsir göstərə biləcəyinə işarə edir.

Tədqiqatın rəhbərlərindən biri, Kopenhagen Universitetinin Qidalanma, İdman və Fiziki Fəaliyyət Departamentinin doktorantı Francesca Bucci bildirib ki, müntəzəm qəhvə istehlakı bağırsaqların fizioloji fəaliyyətinə təsir göstərir.

Araşdırmada diqqət çəkən digər nəticə isə müntəzəm qəhvə içən iştirakçıların nazik bağırsaqlarında turşuluq səviyyəsinin qəhvəni daha az istehlak edənlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı olmasıdır.

Tədqiqatçılar əldə olunan nəticələrin qəhvə istehlakı ilə həzm sisteminin fəaliyyəti arasında əlaqəni göstərdiyini bildirirlər.