“23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixinin ən mühüm hərbi-siyasi hadisələrindən biri kimi tarixə həkk olundu. Bu əməliyyat nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması istiqamətində həlledici nəticə əldə edildi”.
Bu fikirləri QHT.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabr hadisələri 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində formalaşmış yeni reallığın məntiqi davamı idi:
“Bu proses Azərbaycanın yalnız hərbi gücünü deyil, dövlət iradəsini və qarşıya qoyduğu strateji məqsədləri həyata keçirmək qabiliyyətini də nümayiş etdirdi. Nəticə bir daha göstərdi ki, Azərbaycanın suveren qərarlarını müxtəlif kənar siyasi hesablamalarla dəyişmək və ya dayandırmaq mümkün deyil. Dövlət öz ərazisində konstitusiya quruluşunun və suveren hakimiyyətinin təmin edilməsini sona çatdırdı”.
Cəsarət Hüseynzadə qeyd edib ki, hazırkı mərhələdə Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiklərini bəyan edirlər:
“Belə olan halda siyasi ritorika da, praktiki fəaliyyət də bu prinsipə uyğun olmalıdır. Sülh haqqında danışmaqla yanaşı, sülhə zidd addımlardan da çəkinmək lazımdır. Separatçı və revanşist ideyaların müxtəlif adlar və formalarda yenidən siyasi dövriyyəyə qaytarılması qarşılıqlı etimadı zəiflədir və regionda yeni gərginlik riskləri yaradır. Keçmişin münaqişə gündəliyini yaşatmaq Cənubi Qafqaza heç nə qazandırmayacaq”.
QHT sədri vurğulayıb ki, bu gün regionun ehtiyacı yeni qarşıdurma deyil, davamlı sülh, təhlükəsizlik və əməkdaşlıqdır:
“Azərbaycan üçün ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə predmeti deyil. Əsas məsələ əldə olunmuş reallıqlar üzərində uzunmüddətli sülhün qurulmasıdır. Azərbaycan cəmiyyəti bu məsələdə bütöv, yetkin və aydın mövqeyə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədə qələbə qazanan Azərbaycan bu gün həmin siyasi iradə ilə sülh gündəliyini irəli aparmağa, əldə olunmuş nəticələri davamlı sabitliklə möhkəmləndirməyə və Cənubi Qafqazda uzunmüddətli sülhün formalaşmasına hazır olduğunu nümayiş etdirir”.
Cəsarət Hüseynzadənin fikrincə, Ermənistan rəhbərliyi və cəmiyyətinin də üzərinə mühüm məsuliyyət düşür:
“İrəvan öz daxilində revanşist və separatçı çağırışların yenidən siyasi gündəmə çevrilməsinə imkan verməməli, ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə bəyan etdiyi mövqeyi real siyasi davranışla təsdiqləməlidir. Keçmişə qayıtmağa çalışan qüvvələrin deyil, gələcəyə baxan siyasətin önə çıxması Ermənistanın öz gələcəyi üçün də vacibdir. Müharibənin səhifəsi bağlanıbsa, növbəti səhifə məsuliyyətli və davamlı sülh olmalıdır”.












