Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Mirzə Ələkbər Sabir Fondunun qurucu-sədri, dosent Sevda Tahirliyə yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Komitə sədri yubilyarın çoxillik elmi-pedaqoji fəaliyyətini, milli-mənəvi irsimizin qorunması, maarifçilik ənənələrinin yaşadılması və vətəndaş cəmiyyəti quruculuğu yönündə təşəbbüslərini yüksək dəyərləndirib.
Təbrik məktubunda Sevda Tahirlinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyəti, elmi araşdırmaları, dərslik və metodik vəsaitləri, yeni nəsil mütəxəssislərin yetişdirilməsi sahəsində əməyi vurğulanıb.
Fazil Mustafa Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi ilə bağlı 2012-ci ildə təsis edilmiş Fondun fəaliyyətinin ədəbi irsin qorunması ilə yanaşı, milli maarifçilik düşüncəsinin vətəndaş cəmiyyəti müstəvisində davam etdirilməsi baxımından xüsusi önəm daşıdığını bildirib.
Komitə sədri Sabirin virtual muzeyinin yaradılmasını, ədəbi irsinin rəqəmsallaşdırılmasını, “Hophopnamə”nin audiokitab formatında hazırlanmasını, şair haqqında materialların müxtəlif dillərdə yayımlanmasını və gənclərə yönəlik maarifləndirici layihələrin gerçəkləşdirilməsini milli mədəni yaddaşımızın çağdaş vasitələrlə yaşadılmasının dəyərli örnəkləri kimi səciyyələndirib.
“Sizin fəaliyyətinizdə ailə yaddaşının ümummilli yaddaşla, mənəvi varisliyin ictimai məsuliyyətlə, şəxsi təşəbbüsün institusional fəaliyyətlə tamamlanması ayrıca təqdirə layiqdir”, – deyə Fazil Mustafa vurğulayıb.
Təbrik məktubunda vətəndaş cəmiyyətinin yetkinlik göstəricilərindən birinin milli-mədəni irsin qorunmasına ictimai birliklərin, fondların, aydınların və könüllü təşəbbüs sahiblərinin fəal töhfə verməsi olduğu bildirilib. Mirzə Ələkbər Sabir Fondunun fəaliyyəti elm, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın örnəyi kimi qiymətləndirilib.
Komitə sədri Sabir yaradıcılığının çağdaş ictimai-mənəvi əhəmiyyətinə də diqqət çəkərək bildirib:
“Çağımızın vacib vəzifələrindən biri də milli-mənəvi dəyərlərə bağlılığı azad və tənqidi düşüncə, vicdan azadlığı, dini dözümlülük, hüquq mədəniyyəti və ictimai məsuliyyətlə uzlaşdırmaqdır. Sabir irsi bu baxımdan bir mənəvi-intellektual qaynaqdır. Həmin irsin mahiyyətinin düzgün anlaşılması və özəlliklə gənc nəslə çatdırılması sağlam ictimai düşüncənin formalaşmasına xidmət edən nəcib məramdır”.
Fazil Mustafa Sevda Tahirlinin elmi-pedaqoji təcrübəsinin, ictimai təşəbbüslərinin və Sabir irsinə sədaqətinin bundan sonra da milli yaddaşımızın qorunmasına, maarifçilik ənənələrimizin güclənməsinə və cəmiyyətimizin mənəvi-intellektual inkişafına yeni töhfələr verəcəyinə inamını ifadə edib.
Komitə sədri yubilyara ən xoş diləklərini yetirib, elmi-pedaqoji və ictimai fəaliyyətində, rəhbərlik etdiyi Fondun gələcək təşəbbüslərində yeni uğurlar arzulayıb.











