“Ermənistan cəmiyyəti də anlayır ki, hərbi və siyasi müstəvidə əvvəlki vəziyyət artıq geridə qalıb. Qarabağ işğal altında olduğu dövrdə belə heç bir dövlət həmin vəziyyəti hüquqi baxımdan tanımadı. Bu gün isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub”.

Bu fikirləri QHT.az-a açıqlamasında “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov bildirib.

 

Onun sözlərinə görə, mövcud reallıqlar fonunda Ermənistan üçün əsas çıxış yolu sülh prosesinin yekunlaşdırılmasıdır.

“Ermənistan tərəfi bunu anlayır və sülh sazişinin imzalanmasının alternativsiz olduğunu da görür. Buna baxmayaraq, müxtəlif siyasi ümidlərə arxalanaraq prosesi uzatmaq cəhdləri müşahidə olunur. Bu isə Ermənistanın öz gələcəyi baxımından səmərəli yanaşma deyil”, – deyə Anar Xəlilov qeyd edib.

 

QHT sədri vurğulayıb ki, Ermənistan rəhbərliyi ölkənin gələcəyini düşünürsə, mövcud reallıqları nəzərə almalı və sülh prosesini ləngitməməlidir:

“Paşinyan Ermənistanın gələcəyini və təqdim etdiyi yeni siyasi xəritəni həqiqətən əsas götürürsə, sülh prosesini mümkün qədər tez yekunlaşdırmağa çalışmalıdır”.