İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) idarəetməsi ilə bağlı son illərdə əldə olunan nəticələri yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Fondun dövlət büdcəsindən edilən transfertlərdən asılılığının azalması mühüm göstəricilərdən biridir:
"Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun idarəetməsində əldə olunan müsbət nəticələrin açıq təzahürlərindən biri də odur ki, Fondun dövlət büdcəsindən edilən transfertlərdən asılılığı xeyli azalmışdır. Bu isə, bir tərəfdən Fondun imkanlarının artmasına şərait yaradır, digər tərəfdən isə onun effektiv idarəetməsinin göstəricilərindən biri kimi çıxış edir," – deyə Elşad Məmmədov bildirib.
Professor qeyd edib ki, mövcud vəziyyət Azərbaycanda pensiyaçıların ödənişlərlə bağlı heç bir çətinliklə üzləşməyəcəyini deməyə əsas verir:
"Ona görə də hesab edirəm ki, Azərbaycanda pensiyaçıların pensiyalarını müvafiq qaydada alması ilə bağlı heç bir problem gözlənilmir. Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondunun və sosial müdafiə sisteminin inkişafı göstərir ki, bu istiqamətlər üzrə qəbul edilən qərarlar dayanıqlı və fundamental sosial müdafiə bazasının ölkədə formalaşmasına imkan verir."
Pərvanə Fərhadqızı






