"Gələcəyə Baxış Avropaya İnteqrasiya" İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a verdiyi özəl açıqlamasında, təşkilatının fəaliyyətinin əsas prinsiplərindən birinin milli-mənəvi dəyərlərin təbliği olduğunu vurğulayıb.
QHT sədri təşkilatının yalnız Azərbaycanda deyil, Avropada və dünyada da bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib. Bəsti Nəsibova Azərbaycan dilinin qorunmasının və təbliğinin vacibliyini qeyd edərək, ana dilini itirən insanın öz milli kimliyini də itirəcəyini diqqətə çatdırıb. "İngilis dili dünya miqyasında geniş yayılsa da, biz öz ana dilimizi qorumalıyıq. Bu, təkcə dilin yox, həm də milli kimliyimizin gələcəyidir," – deyə o, əlavə edib.
O, gənclər arasında ana dilinin saflığının qorunması və təbliğ edilməsi yönündə xüsusi diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Pərvanə Fərhadqızı












