Bu gün Şəki şəhərində Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının birgə əməkdaşlığı çərçivəsində növbəti təlim keçirilib.

QHT.az xəbər verir ki, “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən  təlim ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, mediatorlar  həmçinin Vəkillər Kollegiyasının üzvləri üçün təşkil edilib.

Tədbirdə ədalətli məhkəmə araşdırması hüququnu qanunun aliliyi baxımından şərh edərək, məhkəməyə əlçatanlığın praktiki və effektiv olmasının vacibliyini vurğulayıb. Təqsirsizlik prezumpsiyası, məhkəmə qərarlarının icrasının gecikdirilməsi, hüquqi yardım və vəkillə təmin olunma məsələlərinə də toxunulub.

Müzakirələr zamanı təlimçi-ekspertlər tərəfindən təlim iştirakçılarına təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların mahiyyəti və əsasları izah olunmuş, müdafiənin təşkili üçün zəruri vaxtın verilməsi, sübutların tədqiqi və təqdim olunmasında bərabərlik, prosesin aparıldığı dili bilməyən şəxslərin tərcüməçi ilə təmin olunması mövzularına dair müvafiq tövsiyələr verilib.

İştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimin qiymətləndirilməsi həyata keçirilib. Sonda 21 nəfər təlim iştirakçısına sertifikatlar təqdim edilib.

 

Pərvanə Fərhadqızı