Xaliqə Məmmədova: “IV Əməkdaşlıq Forumu QHT-lər arasında yeni tərəfdaşlıq imkanları yaratdı”
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu vətəndaş cəmiyyətinin inkişafı, təşkilatlararası əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin formalaşdırılması baxımından mühüm platforma oldu.
Bunu QHT.az-a açıqlamasında “Doğru Yol” Milli Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müavini Xaliqə Məmmədova bildirib.
Onun sözlərinə görə, Zəfər Gününün altıncı ildönümü ərəfəsində forumun Gəncə şəhərində keçirilməsi xüsusi rəmzi məna daşıyıb:
“Forum müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT nümayəndələrinin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və gələcək əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün geniş şərait yaratdı. Xüsusilə panel müzakirələri aktual mövzuların gündəmə gətirilməsi və yeni yanaşmaların formalaşdırılması baxımından olduqca faydalı idi”.
Xaliqə Məmmədova bildirib ki, iştirak etdiyi “QHT-lərin rəqəmsal və süni intellektə inteqrasiyası” panelində aparılan müzakirələr müasir vətəndaş cəmiyyətinin qarşısında duran mühüm vəzifələri bir daha aktuallaşdırıb:
“Bu gün QHT-lərin fəaliyyətini rəqəmsal texnologiyalardan və süni intellektin imkanlarından kənarda təsəvvür etmək mümkün deyil. Rəqəmsallaşma artıq seçim deyil, davamlı inkişafın vacib şərtidir. QHT-lər yeni texnologiyaları mənimsəməli, institusional potensiallarını gücləndirməli və beynəlxalq təcrübədən daha geniş yararlanmalıdırlar”.
O qeyd edib ki, forumun ən mühüm nəticələrindən biri təşkilatlar arasında birbaşa əlaqələrin qurulması və yeni tərəfdaşlıq imkanlarının yaranmasıdır:
“Forum çərçivəsində əvvəllər əməkdaşlıq etmədiyimiz çoxsaylı QHT nümayəndələri ilə tanış olmaq, onların təcrübəsini öyrənmək və ortaq fəaliyyət istiqamətlərini müzakirə etmək imkanımız oldu. Hesab edirəm ki, bu cür görüşlər yalnız fikir mübadiləsi ilə məhdudlaşmamalı, gələcəkdə konkret birgə layihələrə və davamlı əməkdaşlığa çevrilməlidir”.
Xaliqə Məmmədova dövlət və vətəndaş cəmiyyəti arasında tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, QHT-lərin peşəkarlığının artırılması, beynəlxalq əlaqələrinin genişləndirilməsi və innovativ təşəbbüslərinin dəstəklənməsi sektorun inkişafına mühüm töhfə verə bilər.
Sonda o, forumun yüksək səviyyədə təşkilinə və QHT nümayəndələri üçün yaradılan səmərəli müzakirə mühitinə görə Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyevaya təşəkkürünü bildirib.
“İnanıram ki, Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu yeni ideyaların, möhkəm tərəfdaşlıqların və uğurlu təşəbbüslərin başlanğıcı olacaq. Güclü vətəndaş cəmiyyətinin formalaşması üçün QHT-lər ortaq məqsədlər naminə daha sıx əməkdaşlıq etməlidirlər”, – deyə Xaliqə Məmmədova vurğulayıb.








