Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Konstitusiya və Suverenlik ili çərçivəsində irəli sürülmüş amnistiya təşəbbüsü mahiyyət etibarilə humanizm və mərhəmət prinsiplərinə əsaslanan mühüm bir sənəddir.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, əvvəlki amnistiya aktı 2021-ci ildə qəbul edilmiş və təxminən 17 min şəxsi əhatə etmişdisə, hazırkı təşəbbüs 20 mindən çox insana şamil olunmaqla daha geniş miqyas daşıyır və mahiyyətinə görə “suverenlik aktı” kimi də dəyərləndirilə bilər.

"Amnistiya aktında 60 yaşdan yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar, azyaşlı uşağı olan qadınlar və digər həssas kateqoriyalar xüsusi olaraq nəzərə alınıb. Bu isə sənədin sosial yönümlü və mərhəmətə söykənən xarakterini açıq şəkildə göstərir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan mübarizədə iştirak etmiş şəxslər, habelə bu proseslər zamanı həlak olmuş və ya zərər çəkmiş şəxslərin ailə üzvlərinin də amnistiyadan yararlanması humanizm prinsipinin bariz nümunəsidir. Bu yanaşma cəmiyyətin həssas qruplarına xüsusi diqqətin göstəricisidir".

Deputat sonda vurğulayıb ki, bu amnistiya aktı mütərəqqi olmaqla yanaşı, beynəlxalq təcrübə fonunda da nadir hallarda rast gəlinən yüksək humanist və mərhəmət prinsiplərini özündə ehtiva edən bir hüquqi sənəd kimi qiymətləndirilə bilər.

 

Pərvanə Fərhadqızı

QHT.az