13-15 avqust 2025-ci il tarixlərində Almaniyanın Hannover şəhərində keçirilən Avropa Karlar İdman Komitəsinin (European Deaf Sport Organisation – EDSO) Növbədənkənar Konqresində Azərbaycan Deflimpiya Komitəsinin nümayəndə heyəti iştirak edib.
QHT.az xəbər verir ki, nümayəndə heyətinə Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov rəhbərlik edib. Konqres çərçivəsində üzv ölkələrin aidiyyəti qurumları ilə qarşılıqlı əlaqələr qurulub, yeni əməkdaşlıq imkanları müzakirə edilib və EDSO-nun yenilənmiş Konstitusiyası qəbul olunub.
Bundan başqa, Aşağı Saksoniya Torpaqlarının İdman Birliyinin idman kompleksində 2026-cı ildə keçiriləcək Avropa Karlar Gənclər Festivalının baş tutacağı məkanlara baxış keçirilib.
Azərbaycan Deflimpiya Komitəsinin idarə heyətinin üzvü və Prezident mükafatçısı Nərgiz Abdulova tədbirdə iştirak edərək ilk beynəlxalq təcrübəsini belə dəyərləndirib:
“Bu tədbir mənim üçün çox dəyərli bir təcrübə oldu. Müxtəlif ölkələrdən gələn idman komitələrinin üzvləri ilə tanış oldum, onların təcrübələrindən öyrəndim və yeni əlaqələr qurdum. Əldə etdiyim biliklər gələcəkdə Azərbaycanda yaşayan eşitmə məhdudiyyətli gənclər üçün yeni imkanların yaradılmasına töhfə verəcək. Əminəm ki, bu gənclərin Avropaya çıxış imkanları artacaq və onların idman sahəsində qazandıqları uğurları izləmək bizim üçün qürurverici olacaq. Azərbaycan Deflimpiya Komitəsinin beynəlxalq aləmdə təmsil olunması ölkəmizdə idmanın inklüziv inkişafına verilən önəmin bariz nümunəsidir. Azərbaycanı bu konqresdə təmsil etmək mənim üçün böyük şərəf və qürurdur.”
Tədbirdə iştirak, ölkəmizdə eşitmə məhdudiyyətli şəxslərin idman hərəkatının inkişafına mühüm töhfə kimi qiymətləndirilir.






