Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Vətən müharibəsinin otuz üçüncü günü - 29 oktyabrla bağlı xatirələrini bölüşür. Çingiz Qənizadə həmin günləri xatırlayaraq bildirib:

"44 günlük Vətən müharibəsinin hər günü tariximizdə müqəddəs gün kimi yadda qalacaq. O cümlədən, müharibənin 33-cü günü – 29 oktyabrda da hər bir Azərbaycan vətəndaşı telekanalların qarşısında Azərbaycan Ordusunun yeni-yeni uğurları haqqında məlumat almaq üçün toplaşır, sevincini bölüşürdü.

44 günlük Vətən müharibəsi bizim 30 il gözlədiyimiz günün başlanğıcı, sentyabr ayında atılan addımların növbəti günlərdə qələbələrlə Azərbaycan xalqına çatdırılması və xalqın bu sevinci yaşamasını təmin edən bir proses idi. Azərbaycan Ordusu və Ali Baş Komandan xalq tərəfindən böyük məhəbbətlə qarşılanır, onlara uğurlar arzulayırdı.

Qeyd edim ki, bu müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının ordu və Ali Baş Komandanla həmrəy olması çox möhtəşəm idi. Bu, xalq-dövlət və xalq-ordu birliyini təcəssüm etdirirdi.

29 oktyabrda xatırladığımız qara günlərdən biri də Zəngilanın işğal olunması günü idi. Lakin 29 oktyabr 2020-ci ildə Zəngilan artıq işğaldan azad edilmişdi. Həmin gün döyüşlər Füzuli, Xocavənd və Qubadlı istiqamətlərində davam edirdi, ermənilər çoxsaylı itkilər verərək geri çəkilirdilər.

29 oktyabrda artıq 183 yaşayış məntəqəsi erməni işğalçılarından azad olunmuşdu. Bu, təxminən işğal altında qalan ərazilərimizin yarısı qədər idi. Növbəti günlərdə isə ordumuz yerdə qalan bütün əraziləri işğaldan azad etmək üçün əlindən gələni etdi".