“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi (DAVİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dünya azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi” layihəsi çərçivəsində ölkənin beş rayon və şəhərində maarifləndirici tədbirlər təşkil edib.

Layihə çərçivəsində görüşlər Şirvan, Sabirabad, Xaçmaz, Lənkəran və İsmayıllı rayon və şəhərlərində keçirilib.

Tədbirlərdə iştirak edən gənclərə layihənin məqsədi, əsas fəaliyyət istiqamətləri və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verilib. Görüşlər zamanı vətənpərvərlik, milli-mənəvi dəyərlər, Azərbaycançılıq ideologiyası, milli kimliyin qorunması, dövlətçilik ənənələrinə sədaqət və dünya azərbaycanlıları arasında həmrəyliyin gücləndirilməsi mövzularında geniş müzakirələr aparılıb.

İştirakçılarla fikir mübadiləsi zamanı milli birliyin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin və soydaşlarımızın vahid milli ideya ətrafında birləşdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin sədri Nəsimi Qarabağlı layihənin əhəmiyyəti, görülən işlər və əldə olunan nəticələrlə bağlı müsahibəsində bildirib ki, vətənpərvərlik hər bir xalqın milli varlığını, dövlətçilik düşüncəsini və gələcəyə inamını müəyyən edən ən mühüm mənəvi dəyərlərdən biridir.

Onun sözlərinə görə, vətənpərvərlik yalnız Vətəni sevmək haqqında danışmaq deyil, bu sevgini əməli fəaliyyətlə, milli maraqlara sədaqətlə, dövlətçilik prinsiplərinə hörmətlə və gələcək nəsillərin düzgün tərbiyəsi ilə nümayiş etdirməkdir.

Nəsimi Qarabağlı qeyd edib ki, layihənin əsas mahiyyəti yalnız maarifləndirici tədbirlər keçirməklə məhdudlaşmır. Başlıca məqsəd milli düşüncənin, Azərbaycançılıq məfkurəsinin və vətənpərvərlik ruhunun cəmiyyətimizdə, xüsusilə gənc nəsil arasında daha da möhkəmlənməsinə töhfə verməkdir.

Birliyimiz gücümüz, Vətən sevgimiz qürurumuzdur!

O bildirib ki, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər ətrafında birləşməsi, ana dilimizin, tariximizin və milli kimliyimizin qorunması ümummilli əhəmiyyət daşıyan məsələlərdəndir. Xaricdə yaşayan soydaşlarımızın Vətənlə mənəvi bağlarının qorunması və gücləndirilməsi də bu istiqamətdə mühüm vəzifələrdən biridir.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyin (DAVİB) sədri vurğulayıb ki, Azərbaycan xalqının tarixi Zəfəri milli həmrəyliyin, xalq-dövlət birliyinin və Vətənə sədaqətin nə qədər böyük gücə malik olduğunu bir daha nümayiş etdirdi. Bu gün həmin ruhun gələcək nəsillərə ötürülməsi, gənclərin dövlətçilik maraqlarına bağlı, milli dəyərlərə hörmətlə yanaşan vətəndaşlar kimi formalaşması hər birimizin üzərinə məsuliyyət qoyur.

Nəsimi Qarabağlı, həmçinin, vətəndaş cəmiyyəti institutlarının bu prosesdə roluna toxunaraq bildirib ki, qeyri-hökumət təşkilatları cəmiyyətlə dövlət arasında mühüm körpü rolunu oynayır. Belə təşəbbüslər ictimai fəallığın artırılmasına, milli ideyaların təbliğinə və sağlam vətəndaş mövqeyinin formalaşmasına xidmət edir.

O, layihənin reallaşmasına göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirərək dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının bu kimi ictimai əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.

DAVİB-in rəhbəri onu da bildirib ki, milli həmrəylik və vətənpərvərlik mövzularında maarifləndirmə fəaliyyəti davamlı xarakter daşımalıdır. İnanırıq ki, həyata keçirilən layihə iştirakçıların milli düşüncəsinin zənginləşməsinə, gənclərin ictimai fəallığının artmasına və Azərbaycançılıq ideologiyasının daha geniş təbliğinə öz töhfəsini verəcək.

Tədbirlərdə fəallıq göstərən gənclərə layihədə iştiraklarına görə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi dünya azərbaycanlıları arasında milli həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, Azərbaycançılıq ideologiyasının təşviqi və gənc nəslin milli ruhda formalaşmasına töhfə verməkdir.