Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında “Azərbaycan Pediatriya Cəmiyyəti” İctimai Birliyinin sədri Əli Quliyev Vətən müharibəsinin qırxıncı günü – 5 noyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.

Əli Quliyev həmin günlərdə arxa cəbhədə həkimlərin və tibb işçilərinin üzərinə düşən məsuliyyətdən, yaralı hərbçilərə göstərilən tibbi yardımdan və Zəfər xəbərinin yaxınlaşmasının yaratdığı sevincdən danışıb.

O, xatirələrini bölüşərkən bildirib ki, Vətən müharibəsi dövründə həkimlər və tibb işçiləri əsgərlərə ilkin tibbi yardımın göstərilməsi, yaralıların təxliyəsi, əməliyyat olunması və müalicəsi istiqamətində böyük məsuliyyət daşıyırdılar. Həmin dövrdə xilas edilən hər bir həyat insanlara ümid verirdi.

Əli Quliyev qeyd edib ki, noyabrın 5-də artıq Zəfərin yaxınlaşdığı hiss olunur və hər kəs bu xəbəri eşitməyi səbirsizliklə gözləyirdi. O, qələbənin əldə olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, şəhidlərin xatirəsini ehtiramla yad edib.

O, həmçinin vurğulayıb ki, bu gün vətəndaş cəmiyyətinin nümayəndələri olaraq qazanılmış Zəfəri gənc nəslə aşılamağa çalışırlar. Əsas arzularının isə gələcək nəsillərin heç vaxt müharibə yaşamaması olduğunu bildirib.