Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal Vətən müharibəsinin iyirmi doqquzuncu günü - 25 oktyabrla bağlı xatirələrini bölüşür. Aqil Camal həmin günləri xatırlayaraq bildirib:
"25 oktyabr 2020-ci il zəfər yürüşümüzün 29-cu günündə Azərbaycan Ordusu sahədə daha böyük uğurlara imza atdı. Həmin gün Azərbaycanın Qubadlı şəhəri işğaldan azad olundu. Bilirsiniz ki, həmin coğrafiya ermənilərin 30 ildə möhkəmləndirdiyi və Ohanyan səddi adlandırdıqları əraziyə düşür və həmin ərazilərin keçilməsi gələcəkdə Azərbaycan Ordusunun daha sürətli şəkildə irəliləməsində mühüm rol oynadı.
25 oktyabr günü Qubadlı şəhəri, eyni zamanda, Qubadlıya bağlı olan bir sıra yaşayış məntəqələrinin azad olunması ilə yadda qaldı və bundan sonrakı dövrdə Azərbaycan Ordusu daha da irəliləyərək digər ərazilərin azad edilməsinə nail oldu. Həmin gün təkcə Qubadlıların deyil, bütövlükdə Azərbaycan xalqının sevincinə səbəb olan, bütün ölkəmizi ayağa qaldıran, fəxr etdiyimiz gün idi. Qubadlının azad olunması Ordumuzun zəfər yürüşündə mühüm bir mərhələ idi və mən də həmin günlərdə, təbii ki, digər ərazilərimizlə yanaşı, doğulub boya-başa çatdığım Kəlbəcərin azadlığını gözləyirdim.
Düşünürəm ki, 25 oktyabr mənim o arzularımın, əzizlərimin və yaxınlarımın arzularına çatmağımda bir dönüş nöqtəsi idi. Çünki Azərbaycan Ordusunun qələbə yürüşü bir sıra torpaqlarımızın, rayonlarımızın, eyni zamanda, Kəlbəcərin sonrakı mərhələdə müharibə aparılmadan, qan tökülmədən, şəhidlərimiz verilmədən azad olunmasına gətirib çıxardı və 25 oktyabr bütövlükdə Azərbaycan xalqının yeni dövr tarixində qələbə günü kimi tarixləşdi.
Bilirsiniz, 30 ildə biz adətən işğal tarixlərimizi qeyd edir, xatırlayırdıq, elə Qubadlının da işğal gününü anırdıq. Çox şükürlər olsun ki, bundan sonrakı tarixi mərhələdə biz 25 oktyabrı Qubadlının azad olunması günü kimi qeyd edəcəyik".








