Kənd təsərrüfatının inkişafında heyvandarlıq sahəsinin xüsusi əhəmiyyəti vardır. Ət və süd məhsullarının istehsalının artırılması, yerli istehsalın gücləndirilməsi və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması ölkəmizin ərzaq təhlükəsizliyinin əsas istiqamətlərindəndir.
Dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2026–2030-cu illər üçün Dövlət Proqramında heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, damazlıq heyvanların güzəştlə satışının təşviqi, südlük və ətlik təsərrüfatların cins heyvanlarla təminatının yaxşılaşdırılması, həmçinin süni mayalanmaya dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Mənim fikrimcə, xüsusilə kiçik torpaq və heyvandarlıq təsərrüfatı sahibləri bu imkanlardan faydalanmalıdırlar. Çox sayda aşağı məhsuldar heyvan saxlamaq əvəzinə, az sayda yüksək məhsuldar cins heyvan yetişdirməyə üstünlük vermək daha səmərəli təsərrüfatçılıq modelidir.
Məsələn, südlük və ətlik istiqamətli cins heyvanların seçilməsi, süni mayalanma, düzgün yemləmə və müasir baytarlıq xidmətlərindən istifadə etməklə daha az heyvanla daha çox məhsul əldə etmək mümkündür.
Bu, eyni zamanda yem, işçi qüvvəsi, nəqliyyat və digər təsərrüfat xərclərinin azaldılmasına kömək edə bilər.
Dövlət dəstəyi çərçivəsində damazlıq heyvanların güzəştli şərtlərlə əldə edilməsi, heyvandarlıq texnikası və avadanlıqlarının lizinq imkanları, eləcə də subsidiya mexanizmlərindən istifadə təsərrüfatların inkişafına kömək edə bilər.
Bu baxımdan, hər bir rayonun DAİM-ilə əlaqə saxlayaraq damazlıq heyvanların əldə edilməsi, süni mayalanma, lizinq, subsidiya və digər dövlət dəstəyi imkanları barədə məlumat almaq vacibdir.
Bu istiqamətdə torpaq və heyvandarlıq təsərrüfatı sahiblərinin maarifləndirilməsinə, aidiyyəti nazirlik və qurumlarla əlaqələrin qurulmasına, dövlət proqramlarının imkanlarından yararlanmaları üçün onlara məsləhət və məlumat dəstəyi göstərilməsinə hazırıq.
Araz Heyvandarlıq Südçülük ictimai Birliyin sədri Novruz Əliyev











