Yeni araşdırmaya əsasən, D vitamininin kifayət qədər səviyyədə olması gələcəkdə Alzheimer xəstəliyinin inkişaf riskinin azalması ilə əlaqəli ola bilər. Tədqiqatçılar orta yaş dövründə qanda D vitamini səviyyəsi yüksək olan şəxslərin illər sonra beynində Alzheimer xəstəliyi ilə əlaqəli tau zülalının daha az toplandığını müəyyən ediblər.
QHT.az xarici mediaya istinadən bildirir ki,İrlandiyanın Qoluey Universitetinin tədqiqatçısı Martin David Mulligan bildirib ki, əldə olunan nəticələr orta yaş dövründə D vitamini səviyyəsinin yüksək olmasının beyində tau zülalı yığıntılarından qorunmağa kömək edə biləcəyini göstərir.
Onun sözlərinə görə, D vitamininin aşağı səviyyəsi demensiya riskinə təsir edən və dəyişdirilməsi mümkün olan amillərdən biri ola bilər.
Araşdırmada 793 nəfər iştirak edib
Tədqiqat çərçivəsində orta yaşı 39 olan, demensiya diaqnozu olmayan 793 nəfər müşahidə edilib. Araşdırmanın başlanğıcında bütün iştirakçıların qanında D vitamininin səviyyəsi ölçülüb.
Təxminən 16 il sonra iştirakçılar beyin müayinəsindən keçirilib. Aparılan görüntüləmə müayinələri zamanı Alzheimer xəstəliyi ilə əlaqəli iki əsas zülalın – tau və amiloid-beta zülallarının səviyyəsi qiymətləndirilib.
Nəticələr göstərib ki, orta yaş dövründə D vitamini səviyyəsi daha yüksək olan şəxslərin beynində sonrakı illərdə tau zülalının toplanması daha az müşahidə edilib.
D vitamininin beyin sağlamlığındakı rolu araşdırılır
Alzheimer xəstəliyi beyində müəyyən zülalların anormal toplanması ilə əlaqələndirilir. Xüsusilə tau zülalının yığılması sinir hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərə və xəstəliyin inkişafında rol oynaya bilər.
Tədqiqatçılar D vitamininin bu proseslərə mümkün təsirinin əlavə araşdırılmasına ehtiyac olduğunu bildirirlər.
Qeyd edək ki, araşdırma D vitamini qəbulunun Alzheimer xəstəliyinin qarşısını mütləq aldığını sübut etmir. Əldə olunan nəticələr yalnız yüksək D vitamini səviyyəsi ilə beyində tau zülalının daha az toplanması arasında əlaqə olduğunu göstərir. Buna görə də D vitamini əlavələrinin istifadəsi ilə bağlı fərdi qərarlar həkim məsləhəti əsasında verilməlidir.











