Moldovanın paytaxtı Kişinyovda keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammitinin ikinci günündə “Avropa İttifaqının bağlantılar gündəliyinin mərkəzində insan amili” mövzusunda plenar sessiya keçirilib.

QHT.az xəbər verir ki, sessiyada Azərbaycanı təmsil edən Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili çıxış edərək Şərq Tərəfdaşlığının yeni geosiyasi reallıqlara uyğunlaşdırılması, regional bağlantıların inkişafı və insanlararası əlaqələrin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Əhməd Əlili çıxışında üç əsas istiqamətə diqqət çəkib. Bunlar Şərq Tərəfdaşlığının yeni reallıqlara uyğunlaşdırılması, regional bağlantıların mövcud çağırışların həllində rolu, akademik mübadilələrin və beyin mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsidir.

Azərbaycanlı ekspert bildirib ki, Şərq Tərəfdaşlığı təşəbbüsünün formalaşdığı 2008-ci ilin geosiyasi reallıqları artıq dəyişib. Bu baxımdan təhlükəsizlik məsələlərinin də əməkdaşlıq gündəliyində nəzərə alınması mühüm əhəmiyyət daşıyır.

Əhməd Əlili Orta Dəhlizin, regional bağlantılar gündəliyinin və Qara dəniz təhlükəsizlik strategiyasının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb. O, Şərq Tərəfdaşlığının uzun illər təşviq etdiyi müsbət ideya və dəyərlərin yeni təşəbbüslərlə uzlaşdırılmasının vacibliyini qeyd edib.

Ekspertin sözlərinə görə, regional bağlantılar yalnız dəmir yollarının çəkilməsi və fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmamalıdır. İnfrastrukturun inkişafı region xalqları arasında daha intensiv ünsiyyətin qurulmasına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət etməlidir.

Əhməd Əlili akademik mübadilələrin və beyin mərkəzləri arasında əlaqələrin genişləndirilməsinin regionun gələcəyi ilə bağlı qarşılıqlı anlaşmanın formalaşmasına töhfə verə biləcəyini də diqqətə çatdırıb.

Plenar sessiyada, həmçinin Avropa Komissiyasının nümayəndəsi Peter Polajnar, “Moldcell” şirkətinin baş direktoru Karolina Buqaian və İcma İnkişaf Mərkəzinin rəhbəri Hasmik Azibekyan iştirak ediblər.

Sessiyanın moderatoru Stokholm Ətraf Mühit İnstitutunun layihə meneceri Sofiya Strive olub.