Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Vətən müharibəsinin otuz beşinci günü – 31 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.

Abbas Abbasov həmin gün cəbhədə davam edən döyüşlərdən, Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibədən və Azərbaycanın müharibədən qalib çıxmasında milli birliyin rolundan danışıb.

O, xatirələrini bölüşərkən bildirib:

"31 oktyabr tarixində möhtərəm cənab Prezident Almaniyanın ARD televiziyasına müsahibə verdi və münaqişə, müharibə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırdı. Həmin gün cəbhədə qızğın döyüşlər davam edirdi. Baxmayaraq ki, rəşadətli ordumuz tərəfindən ərazilərin əksəriyyəti artıq işğaldan azad edilmişdi, düşmən beynəlxalq siyasi arenada Azərbaycana edilən təzyiqlərə güvənərək müqavimət göstərirdi.

Bu müqavimətə baxmayaraq, rəşadətli ordumuz, möhtərəm cənab Prezident və millətimizin birliyi bizi müharibədən qalib çıxardı. Daha sonra isə biz sülhü təşviq etməyə başladıq. Biz nəinki müharibədə, həmçinin sülhdə də qalib gəldik".