Fiziki şiddət, qadının döyülməsi, təhqir edilməsi, öldürülməsi, hüquqlarının pozulması.. Bunların hər biri ağır və qəbuledilməz zorakılıq formalarıdır. Lakin mən bu gün məsələyə bir qədər fərqli prizmadan yanaşmaq istəyirəm.

Bəs biz qadına qarşı zorakılığın görünməyən tərəflərindən nə qədər danışırıq?

Məsələn, xüsusi qayğıya ehtiyacı olan övlad dünyaya gətirən qadının yaşadıqlarından?

Bəzən bir uşağın diaqnozu qoyulduğu gün yalnız bir uşağın deyil, ananın da həyatında tamamilə yeni və ağır bir mübarizə başlayır. Təəssüf ki, bu mübarizədə qadınların əhəmiyyətli bir hissəsi həyat yoldaşı ilə çiyin-çiyinə dayanmaq əvəzinə, bütün məsuliyyətin altında tək qalır.

Uşağın xəstəliyi, müalicəsi, dərmanları, müayinələri, gündəlik qayğısı, gələcəyi... Bütün bunlar sanki avtomatik olaraq ananın üzərinə yazılır.

Cəmiyyət isə çox vaxt bu vəziyyəti adi hal kimi qəbul edir. Sanki uşağın qayğısı yalnız ananın borcudur. Sanki ata bu məsuliyyətdən kənarda qala bilər.

Daha ağrılı olan isə budur ki, bəzən qadın övladının diaqnozuna görə günahlandırılır. Ona xəstə uşaq dünyaya gətirən ana kimi baxılır. Halbuki heç bir qadın övladının xəstəliyinə görə günahkar deyil. Heç bir uşaq xəstə doğulduğu üçün anasının üzərinə qoyulmuş bir yük deyil.

Ana isə bir tərəfdən övladının yaşaması, sağlamlığı, nəfəs alması, müalicə alması üçün mübarizə aparır, digər tərəfdən ətrafındakı insanların qınağı, məlumatsızlığı, laqeydliyi və bəzən açıq diskriminasiyası ilə üzləşir.

Bu mübarizə ailədə başlayır, qohumlar arasında davam edir, qonşuların münasibətində özünü göstərir, səhiyyə müəssisələrində, sosial müdafiə sistemində, müəyyən qurumların qapılarında yeni şəkillər alır.

Bəzən qadın övladının müalicəsi üçün həkim qarşısında, hüquqları üçün dövlət qurumlarında, qəbul olunmaq üçün cəmiyyətdə, hətta ailəsinin içərisində belə mübarizə aparmalı olur.

Və bütün bunların arasında bir qadın var...

Yorulan, qorxan, ağlayan, bəzən ümidsizliyə qapılan, amma səhəri gün yenidən ayağa qalxan bir qadın.

Sonra biz ona baxıb deyirik: Nə qədər güclü qadındır!

Bəs heç düşünürükmü, o qadın niyə bu qədər güclü olmaq məcburiyyətində qalıb?

Bəlkə o da bir gün qayğıya ehtiyacı olan, kiminsə çiyninə başını qoyub ağlamaq istəyən, məsuliyyəti bölüşmək istəyən, sadəcə qadın kimi yaşamaq istəyən biri olub?

Güclü qadınlar həmişə anadan güclü doğulmurlar. Bəzən həyatın ağır sınaqları, ailənin məsuliyyətdən qaçması, cəmiyyətin qınağı, sistemin laqeydliyi onları güclü olmağa məcbur edir.

Məncə, burada çox ciddi bir məqam var: qadının hər çətinliyin öhdəsindən gəlməsini onun gücü kimi təqdim etməklə, cəmiyyət bəzən öz məsuliyyətindən yayınır. Biz qadının fədakarlığını tərifləyirik, amma niyə bu fədakarlığa məcbur edildiyini soruşmuruq.

Xüsusi qayğıya ehtiyacı olan uşağın anası yalnız ana deyil. Onun da hüquqları, sağlamlığı, şəxsi həyatı, arzuları, istirahətə, dəstəyə və sosial həyata ehtiyacı var. O da qayğı görməlidir. O da qorunmalıdır.

Bu qadınların yaşadıqlarını yalnız ailədaxili məsuliyyət bölgüsü və ya sosial problem kimi qiymətləndirmək kifayət deyil. Burada psixoloji təzyiq, iqtisadi asılılıq, ayrı-seçkilik, sosial təcrid və institusional laqeydlik kimi qadına qarşı zorakılığın müxtəlif formaları ilə də qarşılaşırıq.

Əlbəttə, hər ailə belə deyil. Övladının qayğısını bərabər bölüşən, həyat yoldaşına dayaq olan, bütün çətinlikləri birlikdə aşan atalar və ailələr də var. Onların mövcudluğu isə göstərir ki, məsuliyyətin bölüşdürülməsi mümkündür.

25 noyabrda bir daha xatırlatmaq istəyirəm: qadına qarşı zorakılıq yalnız əl qaldırmaq deyil. Qadını təkləmək, onun ehtiyaclarını görməmək, hüquqlarını məhdudlaşdırmaq, bütün məsuliyyəti onun çiyinlərinə yükləmək və köməyə ehtiyacı olduğu halda onu dəstəksiz buraxmaq da ciddi şəkildə müzakirə edilməli olan problemlərdir.

Gəlin, qadınlara sadəcə güclü olmağı tövsiyə etməyək. Gəlin, onların güclü olmağa məcbur edilmədiyi bir cəmiyyət quraq.

Çünki hər güclü görünən qadının arxasında bəzən heç kimin görmədiyi bir yorğunluq, heç kimin eşitmədiyi bir fəryad, heç kimin bölüşmədiyi bir mübarizə dayanır" .

"Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova