Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev Vətən müharibəsinin otuz doqquzuncu günü – 4 noyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.

Varis Yolçuyev həmin gün Şuşa istiqamətində başlayan xüsusi təyinatlıların əməliyyatından, Daşaltının strateji əhəmiyyətindən, eləcə də Azərbaycan Ordusunun qazandığı uğurlardan danışıb.

O, xatirələrini bölüşərkən bildirib:

"2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək uzanan 44 günün hər biri bizi böyük Zəfərə yaxınlaşdırdı. Bu günlərdən biri olan 4 noyabrın xüsusi önəmi var. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Şuşaya sızma əməliyyatına başladılar. Onlar səssiz şəkildə, əlbəyaxa döyüşlər apararaq Şuşa ətrafındakı düşmən postlarını zərərsizləşdirdilər.

Həmin gün Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha yeddi kəndi işğaldan azad edildi. Günün mühüm hadisələrindən biri də Prezident İlham Əliyevin İtaliyanın 'La Repubblica' qəzetinə müsahibəsi oldu. Dövlət başçısı müsahibə zamanı təxribat xarakterli sualları tutarlı arqumentlər və dəqiq faktlarla cavablandırdı.

Günün kulminasiyası isə Azərbaycan Ordusunun Daşaltıya daxil olması idi. Daşaltının azad edilməsi Şuşa-Laçın yoluna nəzarətin ələ keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmin gün düşmən xeyli sayda canlı qüvvə və texnika itkisi verdi.

Əgər 44 günlük müharibənin hər gününə bir ad vermək təklif olunsaydı, mən 4 noyabr gününü 'Düşmənin bel sütununun qırılması günü' adlandırardım".