Braziliyada 5 700-dən çox uşaq üzərində aparılan araşdırma Wolbachia bakteriyası daşıyan xüsusi ağcaqanadların dang qızdırması və çikungunya infeksiyalarının yayılmasını təxminən 69 faiz azaltmağa kömək etdiyini ortaya qoyub.
QHT.az xarici mediaya istinadən bildirir ki, daşıdığı virusların səbəb olduğu xəstəliklərlə mübarizədə alimlər diqqətçəkən üsul üzərində araşdırma aparıblar. Braziliyada həyata keçirilən tədqiqat müəyyən bakteriyaları daşıyan ağcaqanadların xəstəliklərin yayılmasının qarşısını almaqda əhəmiyyətli rol oynaya biləcəyini göstərib.
Araşdırmada Wolbachia bakteriyası daşıyan ağcaqanadların geniş yayıldığı ərazilərdə yaşayan uşaqların dang qızdırması və çikungunya infeksiyalarına yoluxma riskinin nəzərəçarpacaq dərəcədə azaldığı müəyyən edilib.
5 700-dən çox uşaq araşdırmaya cəlb olunub
Dang qızdırmasının geniş yayıldığı Braziliyada aparılan araşdırmaya 5 700-dən çox uşaq qatılıb. Tədqiqatçılar Wolbachia bakteriyası daşıyan ağcaqanadların olduğu məhəllələrdə yaşayan uşaqların sağlamlıq göstəricilərini oxşar xüsusiyyətlərə malik digər ərazilərdə yaşayan uşaqlarla müqayisə ediblər.
Nəticələrə görə, həmin ağcaqanadların geniş yayıldığı məhəllələrdə məktəb yaşlı uşaqların dang qızdırması və çikungunya infeksiyalarına yoluxma halları təxminən 69 faiz daha az qeydə alınıb.
Ağır epidemiya zamanı da effektivliyini qoruyub
Beynəlxalq tədqiqat qrupunda yer alan Emori Universitetinin həkimi Sri Edupuganti Wolbachia bakteriyası daşıyan ağcaqanadların yayıldığı məhəllələrdə hər iki xəstəliyə qarşı oxşar qoruyucu təsir müşahidə olunduğunu bildirib.
Edupuganti bu metodun Braziliyada 2024-cü ildə yaşanan ağır dang qızdırması epidemiyası zamanı da effektivliyini qoruduğuna diqqət çəkib.
Araşdırma ağcaqanadlarla mübarizədə yalnız həşəratlara qarşı dərmanlardan istifadə etmək və insanların dişləmələrdən qorunmasına çalışmaq əvəzinə, virusları ötürə bilməyən ağcaqanadların yetişdirilərək təbiətə buraxılmasının da effektiv üsul ola biləcəyini göstərib.
ABŞ-da dang qızdırması halları artır
Araşdırmanın nəticələri ABŞ-ın Florida ştatında qeyri-adi miqyasda dang qızdırması epidemiyasının yaşandığı dövrdə gündəmə gəlib. Floridada baş verən epidemiyanın 1940-cı illərdən bəri ABŞ-ın hər hansı ştatında qeydə alınan ən böyük epidemiyalardan biri ola biləcəyi ehtimal edilir.
ABŞ-da dang qızdırması halları əsasən xaricə səyahət edən şəxslərdə müşahidə olunsa da, Floridada yerli yoluxma hallarında da artım qeydə alınıb. Cümə günü etibarilə ştatın səhiyyə qurumları 650-dən çox yerli yoluxma halı müəyyən edib. Bu halların təxminən dörddə üçünün Tampa şəhərini də əhatə edən Hillsborough bölgəsində qeydə alındığı bildirilib.
Mənbə: Reuters











