Mütəxəssislər ekran asılılığının dərinin yaşlanmasını sürətləndirə və ləkələnməni artıra biləcəyini bildirərək, bəzi şəxslərin günəş şüaları ilə yanaşı, ekranlardan yayılan işığa qarşı da qoruyucu filtrlərdən istifadə etməli olduğunu vurğulayıblar.
Akdeniz Universiteti Tibb Fakültəsinin Dermatologiya və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi, professor Ayşə Akman bildirib ki, isti və soyuq hava, günəş şüaları başda olmaqla, bir çox amil dəri sağlamlığına mənfi təsir göstərir.
QHT.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, kompüter, telefon və planşet kimi cihazların ekranlarından yayılan işıq da dərinin vəziyyətinə təsir edə bilər. Mavi işığın dəridə ləkələrin yaranmasına səbəb ola biləcəyini qeyd edən mütəxəssis, bu təsirin hər kəsdə eyni dərəcədə müşahidə edilmədiyini, xüsusilə də dəri həssaslığı və ləkələnməyə meyilli şəxslərdə daha çox özünü göstərə biləcəyini bildirib.
Akman daha geniş spektrli işıqdan qorunma təmin edən filtrlərin istifadəsinin əhəmiyyətinə diqqət çəkib. O, vitiliqo (ala) xəstəliyi olan şəxslərin də ehtiyatlı davranmalı olduğunu, mavi işığın dəridə piqment itkisini artıra biləcəyini vurğulayıb.
Bəzi xəstələr bütün işıq mənbələrindən qorunmalıdır
Professor bəzi xəstəliklər və dərman istifadəsi ilə əlaqədar insanların işığa qarşı daha həssas ola biləcəyini bildirib. Melazma, lupus eritematozus, kseroderma pigmentozum və immunosupressiv dərmanlardan istifadə edən şəxslərin ilboyu, həm yayda, həm də qışda müxtəlif işıq mənbələrindən qorunmasının vacib olduğunu qeyd edib.
Akman bildirib ki, qoruyucu filtrlər yalnız telefon və kompüter ekranlarında deyil, avtomobil və ev şüşələrində də istifadə edilə bilər. O, bəzi ölkələrdə günəş şüalarının təsiri və dəri xərçəngi riskinin yüksək olduğu ərazilərdə şüşələrdən, xüsusi geyimlərdən və digər qoruyucu vasitələrdən geniş istifadə olunduğunu diqqətə çatdırıb.











