Çinin texnologiya şirkəti Unitree yeni UNI-DOGGIE robot itini satışa çıxarıb. Süni intellekt və müasir robot texnologiyaları ilə təchiz edilən model evdə köməkçi olmaqla yanaşı, rəqs etmək, tullanmaq, əl sıxmaq və ürək işarəsi göstərmək kimi əyləncəli hərəkətləri də yerinə yetirə bilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, bir müddət əvvəl geniş reklam olunan dördayaqlı və təkərli robot modelləri texnologiyanın inkişafı ilə daha da təkmilləşir. İnsansı robotları ilə tanınan Çin şirkəti Unitree bu dəfə UNI-DOGGIE adlı yeni robot itini təqdim edib.
MAJI adı ilə də tanınan UNI-DOGGIE həm ev köməkçisi, həm də kolleksiya məhsulu kimi hazırlanıb. Robotun xarakteri və davranış konsepsiyası Star Plus Legend əyləncə şirkəti tərəfindən dizayn edilib.

19 kiloqram ağırlığında olan robot it 12 birləşdirilmiş mühərriklə təchiz edilib. Model saatda 2 metr sürətlə hərəkət edə, 40 dərəcəyədək mailliyi olan səthlərə qalxa və 16 santimetr hündürlüyündə maneələri aşa bilir.

Süni intellektlə sahibini izləyir

UNI-DOGGIE-nin əsas xüsusiyyətlərindən biri Intelligent Companion System 3.0 texnologiyasıdır. Bu sistem robotun istifadəçini avtomatik izləməsinə imkan verir.

Kamera vasitəsilə iki tərəfli görüntülü əlaqə yaratmaq mümkündür. Bundan əlavə, 4G bağlantısı sayəsində robotla davamlı ünsiyyət saxlamaq olur.

Robot it rəqs etmək, tullanmaq, ənənəvi aslan rəqsi hərəkətlərini yerinə yetirmək, əl sıxmaq və ürək işarəsi göstərmək kimi müxtəlif funksiyalara malikdir. Qurğu xüsusi mobil tətbiq vasitəsilə də idarə edilə bilir.

 Cəmi 2 min ədəd istehsal olunacaq

Şirkət UNI-DOGGIE modelinin istehsalını 2 min ədədlə məhdudlaşdırmağı planlaşdırır. Ötən ildən etibarən üzərində işlənilən robot itin satış qiyməti 6 600 dollar müəyyən edilib.

Bu qiymət UNI-DOGGIE-ni şirkətin ən bahalı robot oyuncaq modellərindən birinə çevirir.
:::