Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli Vətən müharibəsinin on yeddinci günü - 13 oktyabrla bağlı xatirələrini bölüşür. Davud Rəhimli həmin günləri xatırlayaraq bildirib:
"Sentyabrın 27-də başlayan müharibə zamanı Azərbaycan qoşunları ərazilərimizin işğaldan azad olunması istiqamətində irəliləyişlərə nail oldu. Bundan əvvəl ilk dəfə idi ki, Lələtəpə yüksəkliyinin alınmasında və sonradan işğal altında olan ərazilərimizin azad olunması istiqamətində ordumuzun hər gün irəliləyişləri haqqında məlumatlar alırdıq. Cənab Prezident bu istiqamətdə məlumat verirdi və bu, bizi həm bir vətəndaş kimi, həm də vətəndaş cəmiyyətinin nümayəndəsi kimi çox ruhlandırırdı.
Torpaqlarımızın işğalının on üçüncü günü artıq bir çox ərazilərimiz – Suqovuşan, Cəbrayıl və digər ərazilərimiz işğaldan azad olunmuşdu. Bu ərazilərin işğaldan azad olunmasının əsas mənbələrindən biri də ölkədə həm vətəndaş cəmiyyəti, həm hökumət, həm də insanlar arasında vahid birliyin olması idi. Bu birlik nəticəsində ordumuzun qazandığı qələbələr cəmiyyəti də ruhlandırırdı.
Vətəndaş cəmiyyəti nümayəndəsi kimi biz də işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılmasında maraqlıyıq. Mən MİR Əlilliyi Olan Təşkilatları İttifaqının nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, çox sevindirici haldır ki, bu işlər görülərkən, bərpa və quruculuq işləri aparılarkən inklüzivlik nəzərə alınır. Böyük Qayıdış zamanı orada yaşayan əlilliyi olan şəxslərimiz və digər hərəkət məhdudiyyətli şəxslərimiz üçün də geniş şərait yaradılır".












