Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova Vətən müharibəsinin on beşinci günü — 11 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşür.
Kəmalə Aşumova həmin günün yaddaşında ümid, narahatlıq, səbir və Zəfərə inam hissləri ilə qaldığını bildirib. O, döyüşlərdən gələn xəbərləri həyəcanla gözlədiklərini, əsgərlərimizin taleyi ilə bağlı narahatlıq keçirdiklərini və Azərbaycanın illərlə gözlədiyi Zəfər sevincinə qovuşacağına inandıqlarını vurğulayıb. QHT sədri, həmçinin Vətən müharibəsi tarixinin gələcək nəsillərə ötürülməsinin, uşaqlara Vətən sevgisinin, şəhidlərin xatirəsinə hörmətin, sülhün və insan həyatına dəyər verməyin aşılanmasının vacibliyini qeyd edib.
“11 oktyabr 2020-ci il tarixi mənim yaddaşımda ümidlə gözlədiyimiz günlərdən biri kimi qalıb. Çünki həmin gün döyüşlər hələ də davam edirdi. Qarşıda bizi böyük xəbərlər, böyük Qələbə sevinci gözləyirdi, amma biz bunu bilmirdik. Azərbaycanla bağlı hər bir uğurlu xəbəri ümidlə gözləyirdik.
Hər bir halda, böyük bir tarixi yaşamaq həyəcanı var idi. Həmin gün hər birimiz telefon zəngini, bir xəbəri, cəbhədən gələn rəsmi açıqlamanı həyəcanla gözləyirdik. Bir tərəfdən döyüşlərdə iştirak edən əsgərlərimizlə bağlı narahatlıq keçirir, digər tərəfdən Azərbaycanın illərlə gözlədiyi Zəfər sevincini yaşamağı arzulayırdıq.
11 oktyabr 2020-ci il tarixi mənim yaddaşımda məhz bu hisslərlə — ümid, narahatlıq, səbir və Zəfərə inamla qalıb. Bizim əsas məsuliyyətimiz bu tarixi gələcək nəsillərə ötürməkdir.
Uşaqlarımıza həm Vətən sevgisini, həm şəhidlərimizin xatirəsinə hörməti, həm də sülhə və insan həyatına hörmətlə yanaşmağı öyrətməliyik. 44 gün bizim tariximizdir və bu tarix yaddaşımızda əbədi yaşayacaqdır.
Yaşasın Azərbaycan!”












