Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyev Vətən müharibəsinin on altıncı günü - 12 oktyabrla bağlı xatirələrini bölüşür. Ayaz Mirzəyev həmin günləri xatırlayaraq bildirib:

"Vətən müharibəsinin 16-cı günü – oktyabrın 12-si bizim üçün adi günlərdən biri deyildi. Niyə? Çünki biz daim televiziyadan, internet saytlarından və radiodan yeni xəbərləri, işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı məlumatları narahatlıqla gözləyirdik.

Vətən müharibəsi deyəndə yaddaşımda silinməz iz buraxan məhz oktyabrın 17-sidir. Oktyabrın 17-si Füzuli şəhərinin işğaldan azad olunduğu gündür. Həmin gün həm də mülki şəxs olaraq bir qrup jurnalistin Cəbrayıl rayonuna, yəni işğaldan azad olunmuş Cəbrayıl şəhərinə daxil olması ilə yadda qaldı.

Qrup yerli və xarici jurnalistlərdən ibarət idi. Biz Cəbrayıl şəhərinə daxil olduq. Orada çox tarixi bir abidə – Dostluq bulağı var. Bulağın qarşısında şəkil çəkdirdik. İşğaldan azad olunmuş Cəbrayılın bir neçə kəndini ziyarət etdik.

Eyni zamanda, orada hərbçilərimizlə ünsiyyətdə olmaq imkanımız oldu və çox tarixi görüntülər lentə alındı.

Belə ki, hərbçilərimiz Dostluq bulağının üzərində Azərbaycan bayrağını yenidən yerləşdirərək dalğalandırdılar. Xarici media orqanlarının nümayəndələri bu tarixi anı lentə aldılar. Həmin görüntülər sonralar işğaldan azad olunmuş ərazilərimizdə lentə alınan ən gözəl kadrlardan biri kimi xarici media orqanlarında yayımlandı. Bu, böyük qürur hissi idi.

Bəli, müəyyən təhlükələr var idi, çünki müharibə davam edirdi. Amma hər halda, bizim üzləşdiyimiz təhlükə cəbhədə olan əsgər və zabitlərimizin, qəhrəmanlarımızın qarşılaşdığı təhlükə ilə müqayisə oluna bilməzdi. Biz sadəcə media nümayəndələri olaraq həmin əraziləri ziyarət edirdik. Belə bir tarixi addım atdıq.

Şükür ki, mən də Cəbrayıla ilk ayaq basan mülki şəxslər, jurnalistlər arasında oldum.

Ümumiyyətlə, Vətən müharibəsi Azərbaycan tarixinin qızıl səhifəsi idi. Onun hər anı, hər günü, hətta hər dəqiqəsi tarixi əhəmiyyət daşıyırdı. Mənə elə gəlir ki, Azərbaycan vətəndaşları bu tarixi, bu günləri heç vaxt unutmamalıdırlar".