Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərdir” adlı layihə çərçivəsində ADNSU-nun nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecində “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib.

Tədbirdə kollecin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Nizami Rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Pərvanə Məhərrəmova və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Bakı Neft-Energetika Kollecinin direktoru Zümrüd Vəliyeva bildirib ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Layihə rəhbəri Müqamət Əliyev layihə haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qeyd edib ki, “Vətən” və “vətənpərvərlik” kimi müqəddəs anlayışların mənasının uşaq, yeniyetmə və gənclərə aşılanması fəaliyyətin prioritet istiqamətlərindən biri olmalıdır. Onun sözlərinə görə, uşaqlarda, yeniyetmə və gənclərdə Vətəni sevmək, Vətənə bağlılıq, vətənpərvərlik və milli qürur hisslərinin formalaşdırılması ümumxalq işi olmaqla yanaşı, ümumtəhsil müəssisələrində də diqqət mərkəzində saxlanılmalı və günün aktual mövzularından birinə çevrilməlidir.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan möhtəşəm Qələbənin əldə edilməsində pay sahibi olduqları üçün qürur duyduqlarını bildiriblər.

Tədbirin sonunda vətənpərvərlik mövzusunda videoçarx nümayiş etdirilib. Daha sonra layihə çərçivəsində fəal gənclərə və könüllülərə dəftərxana ləvazimatları, sertifikatlar, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotoları əks olunmuş döş nişanları, eləcə də layihənin adı yazılmış təsvirli köynəklər təqdim olunub.