Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov Vətən müharibəsinin on səkkizinci günü — 14 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşür.

Kamil Həmidov xatirələrində bildirib:

“Vətən müharibəsi dövründə mən də öz Vətənə olan borcumu yerinə yetirmək üçün könüllü xidmətə müraciət etdim və tibbi-psixoloji dəstək komandasının tərkibində Gəncə şəhərinə ezam olunmuşdum. Həmin günləri Gəncədə, hospitallarda və əhali ilə psixoloji dəstək xidmətinin tərkibindəki fəaliyyətimi xatırlayıram. Gün ərzində dincəlmək üçün cəmi 2-3 saat vaxtımız olurdu. Həmin saatlarda gözümüz televiziyada olur, cənab Prezidentin, Ali Baş Komandanın ordumuzun hansısa məkanı və ya məntəqəni azad etməsi barədə xəbərini gözləyirdik.

Qazilərlə ilkin psixoloji dəstək işimiz zamanı onların vətənpərvərliyinin və ordumuza sonsuz inamının şahidi olurduq. Onlar geyimlərində Azərbaycan bayrağını gəzdirir, tezliklə sağalıb yenidən cəbhəyə qayıtmağı arzulayırdılar.

Yaddaşımda qalan məqamlardan biri də Gəncə şəhərinin düşmən tərəfindən raket atəşinə tutulması idi. Həmin vaxt yataqxanada yerləşmişdik və pəncərədən görünən mənzərə çox dəhşətli, vahiməli idi. Bir anlıq gözümün önünə kadrlarda gördüyüm Xirosima mənzərəsi gəldi. Raket zərbəsinin təsirindən Gəncə şəhərinin üzərində yaranan dəhşətli mənzərəni təsəvvür etmək belə çox çətindir.

Biz dərhal Gəncəyə, raketin düşdüyü əraziyə yollandıq və raket hücumundan sonra əhaliyə ilkin psixoloji dəstək göstərməyə çalışdıq.

Şükür Allaha ki, bu gün cənab Prezidentin, Ali Baş Komandanın rəhbərliyi altında azad edilmiş, ərazi bütövlüyü bərpa olunmuş ölkədə yaşayırıq”.