Tesla ABŞ-ın günəş enerjisi sektorunda Çindən asılılığını azaltmaq məqsədilə 3,1 milyard dollarlıq yeni investisiya planını nəzərdən keçirir. Şirkət Texas ştatında günəş panellərinin istehsalı üçün vacib xammal hesab olunan polisilikon zavodu qurmağı planlaşdırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Günəş panellərinin istehsalında mühüm rol oynayan polisilikon yüksək təmizlik dərəcəsinə malik silisium materialıdır. Günəş hüceyrələrinin hazırlanmasında istifadə olunan monokristal silisium külçələrinin istehsalı üçün əsas xammal hesab edilir.

Tesla-nın məlumatına görə, dünyada günəş enerjisi sənayesi üçün nəzərdə tutulan polisilikon istehsalının 90 faizindən çoxu Çinin payına düşür. Bu vəziyyət ABŞ-ın təchizat zəncirində xarici asılılığı azaltmaq və yerli istehsalı gücləndirmək səylərini sürətləndirib.

Tesla Texasda zavod tikintisi üçün vergi güzəşti istəyir

Şirkət planlaşdırılan layihə ilə bağlı Texasın JETI (İş yerləri, Enerji, Texnologiya və İnnovasiya) proqramına müraciət edib. Tesla investisiyanın reallaşdırılması üçün daşınmaz əmlak vergisi güzəştlərinin vacib olduğunu bildirib. Müvafiq razılaşma əldə edilməyəcəyi təqdirdə şirkət layihəni başqa bölgələrdə həyata keçirmək imkanlarını da nəzərdən keçirəcək.

Yeni zavod ABŞ-da inteqrasiya olunmuş günəş enerjisi istehsalı infrastrukturunun yaradılmasının mühüm mərhələsi kimi qiymətləndirilir. Burada yüksək təmizlikli polisilikon, monokristal silisium külçələri və yüksək səmərəli N-tipli günəş hüceyrələrinin istehsalı üçün material hazırlanması nəzərdə tutulur.

Tikintiyə 2027-ci ildə başlanması planlaşdırılır

Layihə üzrə tikinti işlərinin 2027-2030-cu illərdə aparılması planlaşdırılır. Ümumi investisiyanın 1,5 milyard dolları mühəndislik və tikinti işlərinə, 1,4 milyard dolları istehsal avadanlıqlarına, 183 milyon dolları isə infrastruktur və enerji bağlantılarına ayrılacaq.

Zavodun 2030-cu ildə 260 nəfəri işlə təmin edəcəyi, 2032-ci ildə tam istehsal gücünə çatdıqda isə işçilərin sayının 515-ə yüksələcəyi gözlənilir. Tikinti mərhələsində hər il orta hesabla 550 birbaşa iş yerinin yaradılması nəzərdə tutulur.

Tesla-nın hesablamalarına əsasən, layihə 2065-ci ilədək Texas iqtisadiyyatına təxminən 63,5 milyard dollarlıq iqtisadi töhfə verə bilər.

Mənbə: DonanımHaber, 23 noyabr 2026