Yuxunun yalnız neçə saat davam etməsi deyil, hansı mərhələdə keçirilməsi də insanın müxtəlif xəstəliklərə tutulma riskinə təsir göstərə bilər. Yeni araşdırma yuxunun müəyyən mərhələlərinin 83 xəstəliklə əlaqəsini ortaya qoyub.

Əvvəlki tədqiqatlarda gecə 6-8 saat yatmağın bir sıra sağlamlıq problemlərinin riskini azaltdığı göstərilsə də, yuxunun müxtəlif mərhələlərinin sağlamlığa təsiri ilə bağlı araşdırmalar məhdud olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, çinli alimlərin rəhbərlik etdiyi tədqiqatda Böyük Britaniyada yaşayan 95 mindən çox insanın yuxu məlumatları təhlil edilib. Araşdırmada xüsusilə yuxunun sürətli göz hərəkətləri ilə xarakterizə olunan REM mərhələsinə diqqət yetirilib. Bu mərhələ daha çox yuxu görmə ilə əlaqələndirilir.

REM yuxusu insan yatdıqdan təxminən 90 dəqiqə sonra başlayır və gecə ərzində təkrarlanır. Ümumi yuxu müddətinin təxminən 20-25 faizini təşkil edən bu mərhələ gecənin ikinci yarısında daha uzun olur. Bu səbəbdən erkən oyanmaq REM yuxusunun müddətini azalda bilər.

Tədqiqat iştirakçıları yuxu göstəricilərinin ölçülməsi üçün yeddi gün ərzində biləklərinə sensor cihazlar taxıblar. Alimlər yuxunun hər mərhələsinin müddətini, ümumi yuxu saatlarını, gecə oyanmalarını və yuxu rejimindəki qeyri-müntəzəmliyi təhlil ediblər.

Təxminən 9 il ərzində izlənilən iştirakçıların məlumatları 1000-dən çox xəstəliklə əlaqəli risklər baxımından araşdırılıb.

Nəticələrə görə, REM yuxusunun daha uzun olması ürək çatışmazlığı riskinin 26 faiz, demensiya riskinin 46 faiz, Parkinson xəstəliyi riskinin isə 80 faiz daha aşağı olması ilə əlaqələndirilib.

Araşdırma müşahidə xarakterli olduğundan, REM yuxusunun artmasının birbaşa bu xəstəliklərin riskini azaltdığını sübut etmir. Bununla belə, nəticələr yuxunun müddəti ilə yanaşı, keyfiyyətinin və mərhələlərinin də sağlamlıq baxımından əhəmiyyət daşıdığını göstərir.

Mənbə: PLOS Medicine / EurekAlert

 

EurekAlert!