İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, İqtisadçı Eyyub Kərimli gələcəkdə ənənəvi bürokratik idarəetmə sistemini əvəz etmək potensialından və bunun dövlət idarəçiliyinə təsiri haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Bəşəriyyət yeni bir idarəetmə erasının astanasındadır. Artıq belə bir hipotez irəli sürülür ki, gələcəkdə süni intellekt təkcə insanların əməyini deyil, bütövlükdə ənənəvi bürokratik idarəetmə sistemini də əvəz edə bilər.
Təsəvvür edin: məmur kabinetləri, uzun növbələr, saysız-hesabsız sənədlər, aylarla davam edən razılaşdırmalar və mürəkkəb inzibati prosedurlar tarixə qovuşur. Onların yerini saniyələr ərzində məlumatları təhlil edən, qərar layihələri hazırlayan və idarəetmə proseslərini həyata keçirən süni intellekt sistemləri tutur.
Bu, sadəcə texnoloji deyil, həm də iqtisadi və institusional inqilab ola bilər.
Belə bir transformasiya dövlət idarəçiliyinin xərclərini azalda, korrupsiya risklərini məhdudlaşdıra, qərarların qəbulunu sürətləndirə və dövlət xidmətlərinin keyfiyyətini yüksəldə bilər.
Lakin məsələnin digər tərəfi də var.
Əgər gələcəkdə insanlarla bağlı qərarları alqoritmlər verəcəksə, həmin qərarların ədalətliliyinə kim zəmanət verəcək? Süni intellekt səhv etdikdə məsuliyyəti kim daşıyacaq? Ən əsası, insan özünün yaratdığı texnologiyanın idarə etdiyi sistemdə hansı mövqedə dayanacaq?
Mənim fikrimcə, gələcəyin ən böyük dəyişikliklərindən biri məmurların süni intellektlə əvəzlənməsi deyil, idarəetmənin öz fəlsəfəsinin dəyişməsi olacaq.
Bürokratiyanın azalması müsbət prosesdir. Amma insan iradəsinin, hüquqlarının və demokratik nəzarətin alqoritmlərə təslim edilməsi təhlükəli perspektivdir.
Süni intellekt dövləti daha səmərəli idarə etməyə kömək edə bilər. Lakin dövlətin kimə və hansı dəyərlərə xidmət edəcəyini yenə də insan müəyyən etməlidir.
Bəlkə də gələcəyin əsas sualı bu olacaq:
İnsan süni intellekti idarə edəcək, yoxsa süni intellekt insanı?"











