Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Müşfiq Ələsgərli Vətən müharibəsinin on dördüncü günü — 10 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşür.
“14-cü gün isə oktyabr ayının 10-na təsadüf edir. Bu gündə müharibənin taleyində müəyyən yeniliklər baş verdi. Həmin günün əsas əlamətdar hadisələrindən biri oktyabrın 10-da Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Ermənistanın Xarici İşlər Nazirliyi arasında Moskvada keçirilən danışıqlar idi. Bu danışıqlar humanitar atəşkəsin elan olunmasını nəzərdə tuturdu və nəticədə razılaşma əldə olundu. Amma təbii ki, Ermənistan tərəfi 30 il müddətində bütün danışıqları, sənədləri, müqavilə və razılaşmaları pozduğu kimi, həmin razılaşmanı da pozdu.
Düzdür, oktyabrın 10-u da döyüşsüz keçmədi, amma ümumilikdə həmin gün 44 günlük müharibə tarixində humanitar atəşkəsin imzalandığı gün kimi tarixə düşdü.
Günün əsas əlamətdar hadisələrindən biri də informasiya manipulyasiyalarına qarşı Azərbaycan vətəndaş cəmiyyəti institutlarının, dövlət qurumlarının, eyni zamanda ölkə Prezidentinin şəxsən çıxışları oldu. Məlumdur ki, 44 günlük müharibə dövründə Azərbaycan Prezidenti 30-dan çox xarici media qurumuna müsahibələr verdi. Bunlar bütün dünyada yayımlanan və dünya ictimai rəyinin formalaşmasında rol oynayan transmilli media subyektləri idi.
Cənab Prezidentin həmin media qurumlarına verdiyi açıqlamalar informasiya müharibəsində ciddi dönüş yaratdı. Çünki Prezidentin çıxışları kifayət qədər arqumentli idi. O, Ermənistan tərəfinin haqsız olduğunu arqumentlər və detallarla sübuta yetirir, Azərbaycan tərəfinin haqlı mövqeyini müsahibələri vasitəsilə bütün dünyanın diqqətinə çatdırırdı.
Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı yaydığı dezinformasiyaların və dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş məlumatların ifşa olunmasında Azərbaycan qeyri-hökumət təşkilatları da mühüm rol oynadılar. QHT-lər həm bəyanatları və etiraz müraciətləri, həm də gündəlik informasiya mübadiləsindəki fəaliyyəti ilə bu dezinformasiyaların ifşa olunmasına böyük töhfə verdilər”.












