Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti və onun reallaşmasına qarşı olan mövqelərin tənqidi haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
İran prezidenti Məsud Pezeşkianın vaxtılə mediaya verdiyi açıqlamada deyirdi: “İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var. İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur”. Bu fikirləri ümumxalq səsverməsi yolu ilə seçilmiş bir prezident bəyan edir. Mühafizəkar qanadın nümayəndəsi, İranın ali rəhbərinin müşaviri Məhəmməd Möhbər isə Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında deyir: “ İranın geosiyasi maraqları toxunulmazdır. Regiondakı geosiyasi maraqlarımız bizim qırmızı xəttimizdir”.
Aydın məsələdir ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın geosiyasi maraqları toxunulmazdır. Bu artıq aksiomadır ki, Zəngəzur marşurutu heç bir dövlətin maraqlarına zidd deyil. Əksinə bu dəhlizin işə düşməsindən bir çox region dövlətləri ilə bərabər İran da faydalana bilər. Bəs, Məhəmməd Möhbər kimilərin dərdi nədir ki, bu şəxslər Zəngəzur adı eşidəndə dəli olurlar?
Bu zavallılar vaxtılə Qarabağda erməni separatçılarını da dəstək olurdular. O zamanda separatçıların zərərsizləşdirlməsi məsələsini qırmızı xəttləri hesab edirdilər. Azərbaycan milli maraqlarına və beynəlxalq hüquqa istinad edərək Qarababağdan separatçıları təmizlədi və öz suveren ərazisində nəzarətini təmin etdi.
Digər tərəfdən Rusiya Cənubi Qafqazda öz mövcudluğunu saxlamaq və Zəngəzur dəhlizində əsas ararıcı fiqur kimi qalmaq istəyir. Şimal qonşumuz məkrli planlarını bəzən İrandakı mühafizəkarların, bəzən Ermənistandankı revanşistlərin dili ilə ortaya qoymağa cəhd edir. Amma, lakin bütün bu məkrli cəhdlər əbəsdir. Həm İran, həm də Rusiya düçar olduqları bataqlıqdan salamat çıxa bilsələr, bu, onlar üçün yetərli olar.
Biz əminik ki, Zəngəzur dəhlizi gec-tez gerçəkləşəcək. Ona görə ki, strateji mahiyyətli Zəngəzur dəhlizi regiona sülh, əməkdaşlıq gətirəcək, Azərbaycanın Naxçıvan bölgəsi ilə birbaşa nəqliyyat əlaqələrini nizamlayacaq. Şərqlə Qərb arasında çox əlverişli yükdaşımaların həcmini və keyfiyyətini artıracaq".











