Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən təhsil sahəsində dövlət tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə və təhsil sistemində islahatların həyata keçirilməsi sahəsində əldə olunmuş yüksək nəticələrə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini, müdir səlahiyyətlərini icra edən Nigar İsmayılzadə-Əsgərova, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Naridə Zülfüqarova “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif ediliblər.
Bu barədə QHT.az – a məlumat verən, AzTU-nun "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının baş müəllimi, ABADA-da təlimçi müəllim Naridə Zülfüqarova ilk öncə dövlətimizin başçısı, Prezident İlham Əliyev cənablarına, sonra da elm və təhsil naziri Emin Əmrullayevə, Peşə təhsil agentliyinin rəhbərliyinə, işlədiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin rəhbərliyinə və bu adı almağında əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
Naridə Zülfüqarova uğura gedən yolda qarşıya çıxan çətinlikləri dəf etməklə gənclərimizi “mümkünsüz” sözünü bir kənara qoyaraq öz potensiallarını kəşf etməyə sövq edib, tələbələrinin hər birinin potensialını görərək onlara inam və uğur əldə etmək üçün lazım olan dəstəyi və istiqaməti verdiyini bildirib: "Yaxşı müəllim nümunəvi geyinməli, nümunəvi davranmalı, peşəsini sevməli, öz ixtisasının dərinliyinə qədər mükəmməl biliyə sahib olmalıdır. Əsl müəllim empatiya, anlayış, səbr və sevgi ilə dolu gənclərimizi sabahın liderləri kimi yetişdirməkdə inamını heç vaxt əsirgəməməlidir. Unutmayaq ki, uğur təkcə fərdi səy deyil, həm də bir-birini dəstəkləmək və ruhlandırmaq prosesidir. Bu mükafat təkcə biz müəllimlərin deyil, bizim hamımızın uğurudur. Gəlin bir-birimizə dəstək olaq, bir-birimizi ruhlandıraq və birlikdə daha böyük uğurlara nail olaq".
N. Zülfüqarova həmçinin mükafatla təltif edilən təhsil işçilərimizi təbrik edib, onlara hər bir şagird və tələbələrə sevgi ilə yanaşmalarını, şagird şəxsiyyətini uca tutmalarını, onların potensialını düzgün qiymətləndirmələrini, gələcək uğurlarını stimullaşdırmalarını arzulayıb.
Pərvanə Fərhadqızı












