Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT), eləcə də xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və ləğvi üçün yeni əsasların müəyyənləşdirilməsi təklif olunur. Eyni zamanda, onların fəaliyyətinin bir ilədək müddətə dayandırılması ilə bağlı qərarın məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməsi nəzərdə tutulur.
Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, QHT-lərin, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyəti bir ilədək müddətə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırıla bilər.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu qərar məhkəmə tərəfindən qəbul edilir. Təklif olunan dəyişikliklə fəaliyyətin dayandırılması üçün mövcud əsaslarla yanaşı, bir sıra yeni hallar da müəyyənləşdirilir.
Belə ki, Azərbaycanda xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və onun uzadılması ilə bağlı müraciət daxil olduqda, həmin qurumların fəaliyyəti dayandırıla biləcək.
Bundan başqa, QHT-lər, eləcə də xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri öz fəaliyyətlərinin şəffaflığını təmin etmədikdə onların fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Layihəyə əsasən, QHT-lər və xarici QHT-lərin filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirmədikdə də onların fəaliyyəti dayandırıla bilər.
Digər yeni əsas isə təşkilatların rəhbər şəxslərinin səlahiyyət müddətinin başa çatması ilə bağlıdır. Belə ki, ictimai birliyin icra orqanının, fondun prezidentinin və ya idarə heyətinin, eləcə də xarici dövlətlərin QHT-lərinin Azərbaycandakı filial rəhbərlərinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində hüquqi şəxslərin dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada müvafiq dəyişiklik edilmədikdə təşkilatın fəaliyyəti dayandırıla biləcək.
Layihədə QHT-lərin və xarici QHT-lərin filial və nümayəndəliklərinin məhkəmə qərarı ilə ləğv edilməsi üçün də yeni əsaslar müəyyənləşdirilir.











