Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə QHT nümayəndələri, jurnalistlər və sosial media təmsilçilərinin iştirakı ilə Qəbələ və Zaqatala rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə mediatur təşkil olunub.

Mediaturda iştirak edən “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı səfərlə bağlı təəssüratlarını QHT.az-la bölüşüb.

Cəmilə Çingizqızı bildirib ki, səfər çərçivəsində hər iki mərkəzin fəaliyyəti, maddi-texniki bazası, göstərilən xidmətlər və mütəxəssislərin gündəlik iş prosesi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Onun sözlərinə görə, mərkəzlərdə Komitə tərəfindən yaradılmış şərait xüsusi diqqət çəkir:

“Binaların qədim tikililər olmasına baxmayaraq, onların təmiri, daxili infrastrukturu, avadanlıqlarla təchizatı və sanitar qovşaqlarının vəziyyəti yüksək səviyyədədir. Burada uşaqların və ailələrin ehtiyacları nəzərə alınaraq rahat, təhlükəsiz və funksional mühit yaradılıb. Bu da dövlət tərəfindən uşaq və ailə məsələlərinə göstərilən diqqətin konkret nümunəsidir.

Səfər zamanı mərkəzlərdə çalışan mütəxəssislərin praktiki təlim və məşğələlərini də izlədik. Uşaqlar üçün təşkil olunan maraqlı, interaktiv və inkişafetdirici oyunlar, onların sosial bacarıqlarının formalaşdırılmasına yönəlmiş fəaliyyətlər, eləcə də valideynlərlə keçirilən maarifləndirici təlimlər bizdə xoş təəssürat yaratdı.

Xüsusilə diqqətimizi çəkən məqamlardan biri mərkəzlərdə işin yalnız uşaqlarla məhdudlaşmaması, valideynlərin də bu prosesə fəal şəkildə cəlb edilməsidir. Çünki uşaqların sağlam və təhlükəsiz mühitdə inkişafı üçün ailələrlə əməkdaşlıq, valideynlərin maarifləndirilməsi və psixososial dəstəklənməsi olduqca vacibdir”.

Cəmilə Çingizqızı qeyd edib ki, mediatur zamanı əldə olunan məlumatlara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkə üzrə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Qəbələ və Zaqatala rayonlarında yerləşən mərkəzlərlə tanışlıq bu müəssisələrin gördüyü işləri, göstərdiyi xidmətləri və cəmiyyət üçün əhəmiyyətini daha yaxından dərk etməyə imkan verib.

İctimai Birliyin sədri vurğulayıb ki, belə mərkəzlərin fəaliyyəti uşaqların hüquqlarının qorunması, ailələrin dəstəklənməsi, sosial problemlərin vaxtında müəyyən edilməsi və həlli baxımından mühüm əhəmiyyət daşıyır.

“Bir QHT nümayəndəsi kimi hesab edirəm ki, bu cür mərkəzlərin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, onların gördüyü işlərin tanıdılması çox vacibdir. QHT-lərin, media nümayəndələrinin və digər ictimai təmsilçilərin bu prosesə cəlb olunması dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişafına da töhfə verir.

Səfərin yüksək səviyyədə təşkilinə, mərkəzlərin fəaliyyəti ilə yaxından tanış olmaq imkanının yaradılmasına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk. Bu cür maarifləndirici mediatur və tanışlıq səfərlərinin davamlı olmasını arzulayırıq”, – deyə Cəmilə Çingizqızı bildirib.