“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud Rusiya-Ukrayna müharibəsinin Rusiyaya vurduğu ağır insan itkiləri, Kreml hakimiyyətinin bu itkiləri gizlətməsi və Putinin tarixi ərazi iddialarının ziddiyyətləri haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Belarusun Cyber Partisans və Silent Crow haker qruplarının Rosstat sistemlərindən əldə etdiyi məlumatlara görə 2026-cı il sentyabrın sonunadək Rusiyanın Dövlət Statistika Xidmətində ən azı 490 min hərbçinin ölümü rəsmiləşdirilib. Eyni zamanda müharibənin ilk günündən etibarən tədqiqat aparan bir çox ekspertlər döyüşlərdə itkin düşmüş və ölümü hələ dövlət reyestrində qeydə alınmamış hərbçilərlə birgə ölü sayının 700 mini keçdiyini yazırlar.

Araşdırmanın nəticələrində bildirilir ki, Rusiyada hərbçi ölümlərinin rəsmi qeydiyyatı aylarla, bəzən bir ildən çox gecikdirilir. Buna görə də yalnız dövlət reyestrində görünən rəqəmlər müharibənin real insan itkilərini əks etdirmir.

Müharibəyə başlamaq üçün heç bir ciddi səbəb olmadan 5 ilə yaxındır ki, işğalçı savaş apararaq yüz minlərlə vətəndaşının hıyatına son qoyan rəsmi Kreml hələ də qan tökməkdən usanmaq bilmir.

Müharibədəki həqiqi vəziyyəti ictimaiyyət üçün hər nə qədər gizlətsələr də real rəqəmlər dövlətin ali rəhbərliyinə məlumdur. Görünür elə buna görədir ki, Belarus prezidenti Aleksandr Lukaşenko V.Putinin Ukrayna barədə tarixi ərazi ritorikası ilə bağlı maraqlı etiraflar edib: “Əgər bir bölgə sadəcə keçmişdə Rusiyaya məxsus olduğu üçün Rusiya ərazisi sayılırsa, o zaman biz tarixə bir az da geri qayıtmalıyıq. Rusiya torpaqları vaxtilə monqollara və tatarlara məxsus olub. Yadınızdadır? Onda biz bütün Rusiyanı Monqolustana qaytarmalı olacaqdıq. Putin bunu yaxşı bilir”.

Putinin müharibə və siyasi məntiqinə görə savaş bitdikdən sonra Rusiya ərazisinin böyük qismi daha qədim sahibinə - monqol və türklərə  təhvil verilməlidir. Bunun nə qədər real olduğunu isə zaman göstərəcək".