Birləşmiş Millətlər Təşkilatı yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər. Beynəlxalq Təhsil Günü münasibəti ilə YUNESKO-nun baş direktoru Odre Azulenin təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır.

QHT.az “Zəngi” liseyinin müəllimlərinin təhsillə bağlı fikirlərini alıb. İbtidai sinif müəllimi Samirə Piriyeva bildirib ki, bir dövlətin təhsil və tədrislə məşğul olmasından daha böyük və daha müqqəddəs bir xidmət ola bilməz: “Təhsil uşaqlara yoxsulluqdan çıxaracaq nərdivan və perspektivli gələcəyə aparan yol təklif edir. Bütün elmlərin bünövrəsi təhsildə qoyulur. Bu körpə fidanların bünövrəsinin  qurulmasında  biz ibtidai sinif müəllimlərinin də  rolu böyükdür. Hər zaman şagirdlərimə təhsilin bir  kitabı oxuyub bitirməklə və yaxud imtahanlardan keçməklə bitmədiyini qeyd edirəm. Təhsildə son deyə bir şey yoxdur. İnsan bütün həyatı boyu – doğulandan ölənə qədər öyrənir. Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir”.

Dünya təhsil işçilərini Beynəlxalq Təhsil Günü münasibətilə təbrik edən “Zəngi” liseyinin ibtidai sinif müəllimi Lətifə Məcid daim sülh üçün öyrənmə mövzusunda layihəyə qoşulur, ədalətli, hərtərəfli nəsil yetişdirməyə çalışmış, həmkarlarını da buna səsləyir: “Dünyanın hər yerindən istənilən müəllim digər bir dövlətdən inkişaf etmiş müəllimlərin təhsil sisteminə gətirdiyi uğurları öyrənib, tətbiq edə bilər. Bu da bizim daha mütəşəkkil, daha çevik, əlverişli işləməyimizə şərait yaradır”.

 

 

 

 

 

Pərvanə Fərhadqızı