Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammitində Azərbaycan Milli Platforması ölkəmizin vətəndaş cəmiyyətini fəal və uğurla təmsil edir.
Bu fikirləri QHT.az-a açıqlamasında Azərbaycan Milli Platformasının ölkə üzrə koordinatoru, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü Səbinə Ələkbərova bildirib.
Onun sözlərinə görə, builki Sammit Azərbaycan Milli Platforması üçün bir sıra əlamətdar yeniliklərlə yadda qalır:
“Forumun tarixində ilk dəfə olaraq Sammitin moderatorluğu Azərbaycan Milli Platformasının nümayəndəsinə – Şəhla İsmayıla həvalə edilib. Platformamızın digər iki üzvü – Əhməd Əlili və Emin Abbasov Sammitin əsas panel müzakirələrində çıxış edərək öz ekspert biliklərini və baxışlarını bölüşüblər. Bununla yanaşı, Əhməd Əlilinin Forumun Uyğunluq Komitəsinin (Compliance Committee) üzvü seçilməsi də mühüm nailiyyətlərimizdən biridir.
Azərbaycan Milli Platformasının ölkə üzrə koordinatoru və Forumun İdarə Heyətinin üzvü kimi mənim də Sammitdə iştirakım Platformamızın həm müzakirələrdə, həm də Forumun idarəetmə strukturlarında fəal təmsil olunmasının göstəricisidir.
Bütün bu nailiyyətlər Azərbaycan vətəndaş cəmiyyətinin müxtəlifliyini, zəngin ekspert potensialını, fərqli baxışlara və fəaliyyət istiqamətlərinə malik nümayəndələrinin vahid platforma çərçivəsində əməkdaşlıq etmək bacarığını nümayiş etdirir.
Azərbaycan Milli Platformasının Forumda artan institusional rolu və fəal iştirakı regional əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və Azərbaycan vətəndaş cəmiyyəti üçün yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, builki Sammitdə əldə olunan nailiyyətlər Platformamızın beynəlxalq müstəvidə mövqeyinin daha da güclənməsinə töhfə verəcək”.
Cəsarət Hüseynzadə











