Londondakı beyin cərrahları süni intellekt dəstəyi ilə ilk uğurlu beyin şişi əməliyyatını həyata keçirərək 48 yaşlı kişinin görmə qabiliyyətini qoruyublar.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat may ayında London Universitet Kolleci xəstəxanalarına bağlı Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında (NHNN) keçirilib. Süni intellekt sistemi əməliyyat zamanı canlı kamera görüntülərini analiz edərək 11 millimetrlik şişin yaxınlığında qorunmalı olan sinirlər və qan damarları kimi mühüm strukturları müəyyənləşdirməyə kömək edib.

Cərrahi heyət əməliyyatın bütün mərhələlərinə nəzarət edib. Sistem isə beyindəki kiçik anatomik strukturları rənglərlə işarələyərək onların təhlükəsiz şəkildə tanınmasına imkan verib.

Xəstə Rhys Hibbert əməliyyatdan sonra görmə qabiliyyətinin bərpa olunduğunu bildirib. O, bir həftə sonra eynək və ya əsa istifadə etmədən müstəqil yeriyə bilib və daha sonra müştəri xidmətləri üzrə menecer kimi işinə qayıdıb.

Hibbertə 2024-cü ildə diaqnoz qoyulub. Əvvəlcə əməliyyatsız müalicə olunan xəstənin vəziyyəti sonradan pisləşib, ciddi hormonal pozuntular və görmə problemləri yaranıb. Əməliyyat keçirilməsəydi, onun korluq riski ilə üzləşəcəyi bildirilib.

Səhiyyə rəsmiləri hipofiz vəzi, qan damarları və sinirlərin bir-birinə çox yaxın yerləşdiyini və “bir millimetrlik səhvin belə kritik nəticələrə səbəb ola biləcəyini” vurğulayıblar. Bu cür səhv korluq, iflic və ya ölümlə nəticələnə bilər.

UCL-də robototexnika və süni intellekt üzrə dosent Dr. Sophia Bano bildirib ki, sistem yüzlərlə cərrahi videodan öyrənib və kritik anatomik strukturları, cərrahi alətləri və toxuma ilə qarşılıqlı əlaqələri real vaxtda tanımağa kömək edir.

Xəstəxana texnologiyadan əvvəllər tədqiqat məqsədilə istifadə etsə də, bu, onun ilk dəfə real xəstə üzərində tətbiq edildiyi əməliyyat olub.

NIHR-in innovasiyalar üzrə elmi direktoru professor Mike Lewis isə əməliyyatın cərrahlara dəstək olmaq və xəstə xidmətini yaxşılaşdırmaq üçün süni intellektin potensialını göstərdiyini deyib.

Zəhra Mansırova