Cəmiyyətdə baş verən ailə-məişət zorakılığı halları ən ağrılı və təcili həllini gözləyən problemlərdən biri olaraq qalır. Son dövrlərdə bu hadisələrin yalnız psixoloji və ya fiziki təzyiq çərçivəsində qalmadığı, bəzi hallarda insan həyatına və sağlamlığına ağır qəsdlərlə nəticələndiyi müşahidə olunur.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, ailə-məişət zorakılığının ağır nəticələrə gətirib çıxarmasının müxtəlif səbəbləri var.

“Bu cinayətlərin kökündə qurbanın qarşı tərəfdən sosial və iqtisadi asılılığı, ailədə psixoloji mühitin zəifliyi, qarşı tərəfin zorakı xarakterə malik olması, ailə münasibətlərində stereotiplərin mövcudluğu və digər amillər dayanır”, – deyə o qeyd edib.

Zenfira Mustafayevanın sözlərinə görə, ailə-məişət zorakılığının qarşısının alınması üçün qanunvericilikdə də müəyyən dəyişikliklər həyata keçirilib. Döymə ilə bağlı bəzi hallar İnzibati Xətalar Məcəlləsindən daha ağır məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinə keçirilib.

“Bu halları törədən şəxsləri daha ağır cəzalar gözləyir. Lakin qanunvericilikdə dəyişikliklərlə yanaşı, zərərçəkənlərin real şəkildə qorunması mexanizmləri də gücləndirilməlidir”, – deyə QHT rəhbəri vurğulayıb.

O, xüsusilə mühafizə orderlərinin verilməsi ilə bağlı müəyyən problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, orderin verilməsində gecikmələr və zərərçəkəni kifayət qədər qorumayan hallar mövcuddur.

“Biz təklif etmişik ki, mühafizə orderi məhkəmə tərəfindən birdəfəlik verilsin. Zorakı davranış göstərən şəxslər polis qeydiyyatına götürülsün və zəruri hallarda elektron qolbaqla nəzarətdə saxlanılsın”, – deyə Mustafayeva bildirib.

QHT rəhbəri 102 xidmətinə müraciət edən qadınların sonradan qarşı tərəfin təzyiqi ilə ərizələrini geri götürməsinin də ciddi problem olduğunu qeyd edib.

“Bəzən 102-yə zəng edən xanım qarşı tərəfin təzyiqi ilə ərizəsini geri götürməli olur. Bu isə sonradan daha ağır nəticələrə, hətta faciəyə gətirib çıxara bilər. Belə hallarda ailə mütləq qeydiyyata götürülməli və nəzarətdə saxlanılmalıdır”, – deyə Zenfira Mustafayeva əlavə edib.

Zəhra Ağayeva