İpoteka kreditləşməsində dövlət tərəfindən ayrılan vəsaitin həcmi ilə əhalinin həmin kreditlərdən istifadə imkanları eyni məsələ deyil. Mövcud göstəricilər də bunu göstərir.

İqtisadçı İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci ildə Fondun vəsaiti hesabına 442,8 milyon manat məbləğində ipoteka krediti verilib. Bu göstərici 2024-cü illə müqayisədə cəmi 0,7 faiz çoxdur. Kreditlərin sayı isə 4 685-dən 4 309-a, yəni təxminən 8 faiz azalıb.

Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri mənzil qiymətlərinin kredit limitlərindən daha sürətlə artmasıdır. Hazırda ipoteka kreditinin maksimum məbləği 150 min manat, güzəştli ipoteka üzrə isə 100 min manatdır. Mənzil qiymətləri bu limitləri aşdıqda dövlət vəsaitinin artırılması problemi tam həll etmir.

İlqar Hüseynli ilkin ödənişin də vətəndaşlar üçün ciddi maneə olduğunu qeyd edib. Adi ipotekada minimum ilkin ödəniş 15 faiz, güzəştli ipotekada isə 10 faiz təşkil edir. Bundan əlavə, qiymətləndirmə, sığorta, notariat və digər xərclər də alıcının maliyyə yükünü artırır.

“Yalnız Fondun maliyyələşməsini artırmaq kifayət deyil. Tələb tərəfinin də subsidiyalaşdırılması və mənzil təklifinin artırılması lazımdır”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, ilkin ödəniş probleminin həlli istiqamətində zəmanət mexanizmi genişləndirilə bilər. 2026-cı il iyulun 1-nə 1 571 ipoteka krediti üzrə 149,9 milyon manat zəmanət verilib. Bu mexanizmin müəyyən gəlir qrupları üçün ilkin ödənişin bir hissəsinə dövlət zəmanəti və ya uzunmüddətli güzəştli maliyyələşmə formasında genişləndirilməsi mümkündür.

Ekspert hesab edir ki, əsas diqqət mənzil təklifinin artırılmasına da yönəldilməlidir. Çünki ipoteka imkanlarının genişləndirilməsi, lakin mənzil təklifinin məhdud qalması tələbi və qiymətləri artıra bilər.

“Hazırda sistemdə üç əsas dar boğaz var: mənzil qiymətləri, ilkin ödəniş və ailənin aylıq gəlirinə nisbətən ödəniş yükü”, – deyə Hüseynli vurğulayıb.

Onun fikrincə, daha effektiv yanaşma “Fonda daha çox pul ayıraq” prinsipindən “ailənin real ödəmə qabiliyyətinə uyğun ipoteka yaradaq” modelinə keçməkdir. Bunun üçün faiz subsidiyası, ilkin ödəniş zəmanəti, gəlir qiymətləndirməsinin çevikləşdirilməsi və münasib qiymətli mənzil təklifinin artırılması paralel həyata keçirilməlidir.

Zəhra Ağayeva