"Ailə cəmiyyətin ən mühüm dayaqlarından biridir. İnsan ilk sevgini, mərhəməti, hörməti və təhlükəsizliyi ailədə görməlidir. Ancaq təəssüf ki, bu gün ailə daxilində baş verən zorakılıq halları cəmiyyətimizi ciddi şəkildə narahat edən problemlərdən birinə çevrilib. Daha acınacaqlısı isə bəzi hallarda məişət münaqişələrinin ağır xəsarət, hətta ölümlə nəticələnməsidir".
Bu fikirləri “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında bildirib.
Nailə İsmayılovanın sözlərinə görə, ailə-məişət zorakılığının ağırlaşmasının səbəbləri müxtəlif amillərlə bağlıdır:
"Hesab edirəm ki, ailə-məişət zorakılığının ağırlaşmasının səbəblərini yalnız bir amillə izah etmək düzgün deyil. Burada sosial, psixoloji, iqtisadi və mədəni səbəblər bir-biri ilə əlaqəlidir. Ailədə ünsiyyətin zəifləməsi, problemlərin sağlam şəkildə müzakirə olunmaması, aqressiyanın artması, alkoqol və digər zərərli vərdişlər, iqtisadi çətinliklər, qısqanclıq, nəzarətçilik və ən əsası, zorakılığa haqq qazandıran yanlış düşüncələr bu problemin dərinləşməsinə təsir göstərir".
Sədr vurğulayıb ki, zorakılığın ailə məsələsi kimi təqdim edilməsi problemin davam etməsinə səbəb olur:
"Ən təhlükəli məqam isə zorakılığın uzun müddət ailə məsələsi kimi təqdim edilməsidir. “Ailənin işidir”, “öz aralarında həll etsinlər”, “uşaqlar naminə dözmək lazımdır” kimi yanaşmalar əslində zorakılığın davam etməsinə şərait yaradır. Zorakılıq ailənin daxili məsələsi deyil, insan hüquqlarının pozulmasıdır".
Nailə İsmayılova bildirib ki, son illərdə zorakılıqla mübarizə sahəsində qanunvericilikdə mühüm addımlar atılıb:
"Son illərdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Mühafizə orderlərinin verilməsi mexanizmləri gücləndirilib, zorakılığın təkrar törədilməsinə görə məsuliyyət məsələləri sərtləşdirilib, zərərçəkənlərin hüquqi müdafiəsinə çıxış imkanları genişləndirilib. Uzunmüddətli mühafizə orderi üçün dövlət rüsumundan azadolmanın tətbiqi də zərərçəkənin qarşılaşdığı maliyyə maneələrinin aradan qaldırılması baxımından əhəmiyyətlidir".
N.İsmayılovanın sözlərinə görə, qanunvericiliyin mövcudluğu ilə yanaşı, onun praktikada effektiv tətbiqi də vacibdir:
"Lakin yaxşı qanunun mövcud olması hələ problemin tam həll edilməsi demək deyil. Əsas məsələ qanunun praktikada nə qədər effektiv işləməsidir. Zərərçəkən qadın polisə, aidiyyəti quruma və ya digər dövlət strukturlarına müraciət etdiyi zaman ilk növbədə öz təhlükəsizliyinə əmin olmalıdır. O bilməlidir ki, şikayət etdikdən sonra zorakılıq törədən şəxsin təzyiqi ilə yenidən üz-üzə qalmayacaq. Bunun üçün yalnız hüquqi mexanizm deyil, operativ müdaxilə, risk qiymətləndirilməsi, psixoloji və sosial dəstək, təhlükəsiz sığınacaq və iqtisadi dəstək mexanizmləri birlikdə işləməlidir".
Sədr qeyd edib ki, qanunvericilikdə risklərin müəyyənləşdirilməsi və zorakılığın ilkin əlamətlərinə müdaxilə gücləndirilməlidir:
"Qanunvericilikdə növbəti mərhələdə bir neçə istiqamət xüsusilə gücləndirilməlidir. İlk növbədə, zorakılığın risk səviyyəsinin müəyyənləşdirilməsi mexanizmi daha dəqiq və məcburi xarakter daşımalıdır. Çünki təhdid, təqib, davamlı psixoloji təzyiq və nəzarət çox zaman fiziki zorakılıqdan əvvəl baş verir. Bu əlamətlərə vaxtında müdaxilə edilmədikdə vəziyyət daha ağır nəticələrə gətirib çıxara bilər".
Nailə İsmayılova vurğulayıb ki, mühafizə orderlərinin icrasına real nəzarət təmin edilməlidir:
"İkinci mühüm məsələ mühafizə orderlərinin icrasına real nəzarətin gücləndirilməsidir. Order yalnız kağız üzərində qalan sənədə çevrilməməlidir. Onun şərtlərini pozan şəxsin məsuliyyəti real və qaçılmaz olmalıdır".
Sədr bildirib ki, zorakılıqdan qaçan qadınların təhlükəsiz yaşayış imkanları genişləndirilməlidir:
"Üçüncü istiqamət sığınacaq və təhlükəsiz yaşayış imkanlarının genişləndirilməsidir. Zorakılıqdan qaçan qadın çox zaman “hara gedəcəyəm?”, “uşaqlarımla necə yaşayacağam?”, “maddi imkanım yoxdur” sualları qarşısında qalır. Buna görə də qanuni müdafiə ilə yanaşı, təhlükəsiz yerləşdirmə, sosial xidmət, hüquqi yardım, psixoloji dəstək və məşğulluq imkanları vahid sistem kimi qurulmalıdır".
N.İsmayılovanın sözlərinə görə, ailə-məişət zorakılığı zamanı uşaqların təhlükəsizliyi ayrıca qiymətləndirilməlidir:
"Dördüncü məsələ, uşaqların müdafiəsidir. Ailədə zorakılığın şahidi olan uşaq da bu zorakılığın qurbanıdır. Uşaq fiziki olaraq döyülməsə belə, davamlı qorxu və gərginlik mühitində böyüməsi onun psixoloji inkişafına ciddi təsir göstərə bilər. Ona görə də ailə-məişət zorakılığı ilə bağlı hər bir işdə uşaqların təhlükəsizliyi ayrıca qiymətləndirilməlidir".
Nailə İsmayılova qeyd edib ki, qadınların iqtisadi asılılığının aradan qaldırılması zorakı münasibətdən çıxış üçün mühüm şərtdir:
"Digər mühüm məsələni də xüsusilə qeyd etmək istəyim ki, bu da iqtisadi asılılıqdır. Bir çox qadın zorakı münasibətdən çıxmaq istəsə də, maddi imkanının olmaması, yaşayış yerinin və gəlir mənbəyinin olmaması səbəbindən həmin münasibətə qayıtmağa məcbur olur. Bu baxımdan zərərçəkən qadınların peşə hazırlığına, məşğulluğuna, sosial təminatına və müstəqil həyata keçidinə dəstək verən mexanizmlər daha da gücləndirilməlidir".
Sədr vurğulayıb ki, zorakılığın qarşısının alınması üçün zorakılıq törədən şəxslərlə də preventiv və korreksiyaedici iş aparılmalıdır:
"Nəticə etibarilə hesab edirəm ki, yalnız qadınlarla işləmək də kifayət deyil. Zorakılıq törədən şəxslərlə bağlı preventiv və korreksiyaedici proqramlar hazırlanmalı, onların davranışlarının dəyişdirilməsi üçün psixoloji və sosial müdaxilə mexanizmləri tətbiq edilməlidir. Çünki cəza vacibdir, amma gələcək zorakılığın qarşısının alınması üçün davranışın kök səbəbləri ilə də işləmək lazımdır".
Nailə İsmayılova bildirib ki, zorakılığın qarşısının alınmasında cəmiyyətin də məsuliyyəti böyükdür:
"Burada cəmiyyətin məsuliyyəti də böyükdür. Qonşu, qohum, müəllim, həkim və digər şəxslər ailədə zorakılığın əlamətlərini gördükdə susmamalıdır. “Mən qarışmıram” düşüncəsi bəzən çox ağır nəticələrə gətirib çıxara bilər. Zorakılığın qarşısının alınması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir".
Sədr qeyd edib ki, ailə münasibətlərinin əsasında qorxu deyil, qarşılıqlı hörmət dayanmalıdır:
"Ən əsası isə ailədə münasibətlərin təməlində qorxu deyil, hörmət dayanmalıdır. Heç bir insan həyat yoldaşına, övladına və ya digər ailə üzvünə zor tətbiq etmək hüququna malik deyil. Ailə daxilində münaqişə ola bilər, fikir ayrılığı ola bilər, amma zorakılığın heç bir bəhanəsi ola bilməz".
Nailə İsmayılovanın sözlərinə görə, növbəti mərhələdə əsas məqsəd mövcud hüquqi mexanizmlərin daha çevik və zərərçəkənin təhlükəsizliyini mərkəzə alan formada işləməsini təmin etməkdir:
"Azərbaycanda bu sahədə qanunvericilikdə mühüm addımlar atılıb və proses davam etməlidir. İndi əsas hədəf mövcud mexanizmlərin daha sürətli, çevik və zərərçəkənin təhlükəsizliyini mərkəzə alan formada işləməsini təmin etməkdir. Çünki bir qadının vaxtında qorunması yalnız bir insanın həyatını xilas etmək deyil. Bu, bir ailənin, bir uşağın gələcəyini və nəticə etibarilə cəmiyyətin sağlamlığını qorumaq deməkdir".
N.İsmayılova vurğulayıb ki, zorakılığın qarşısını almağın ən doğru yolu isə onun faciəyə çevrilməsini gözləməməkdir.
Fatimə Nəbiyeva






