Yeməyi başqaları ilə bölüşərək yemək depressiya və demensiya (ağıl zəifliyi) riskini azalda bilər.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, inanılmaz səslənsə də, qidalanma vərdişlərinizdə edəcəyiniz sadə bir dəyişiklik həm bədəninizə, həm də beyninizə böyük fayda verə bilər. Bu, depressiya riskini azalda, demensiyadan qorunmağa kömək edə, yeməkdən aldığınız zövqü artıra və hətta ömrünüzü uzada bilər.
Söhbət yeni dəb halına gəlmiş pəhrizdən deyil, bəşəriyyətin ən qədim vərdişlərindən biri olan birlikdə yemək yeməkdən gedir. Oksford Universitetinin iqtisadiyyat və davranış elmləri professoru Jan-Emmanuel De Neve deyir: “Yeməyi paylaşmaq insanlar arasında bağ yaratmaq, etibar formalaşdırmaq və əlaqələri gücləndirmək üçün əsas vasitələrdən biridir”. Onun sözlərinə görə, bunun insan rifahına ciddi müsbət təsiri var.
Təəssüf ki, müasir dünyada insanların getdikcə daha çox təcrid olunması bu ənənəni nadir hala gətirir. Halbuki başqaları ilə ünsiyyət qurmaq və yeməklə dostluq arasındakı qədim əlaqədən faydalanmaq düşündüyünüzdən daha asandır.
Birlikdə yemək yemək vərdişi ilə bağlı aparılan araşdırmaların əksəriyyəti onun psixi sağlamlığa təsirini araşdırıb. Tədqiqatçılar müəyyən ediblər ki, bu təsir komanda işi, ümumi sağlamlıq, rifah və insanın tək yaşayıb-yaşamaması kimi digər amillər nəzərə alındıqdan sonra da özünü göstərir. Bu isə birlikdə yeməyin psixi sağlamlığa müsbət təsir göstərən xüsusi bir xüsusiyyətə malik olduğunu göstərir.
Oksford Universitetinin bioloji antropoloqu Robin Dunbar isə “Dostlar” adlı kitabında yazır ki, yemək yemək təbii olaraq endorfin sistemini – xoşbəxtlik hissi yaradan kimyəvi maddələrin ifrazını – stimullaşdırır. Bu da yemək zamanı insanlar arasındakı bağı gücləndirərək daha dərin yaxınlıq və bağlılıq hissi yaradır.
Zəhra Mansırova






