Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP ilə birgə elan etdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsinin davamlı nəticələri olub.
QHT.az xəbər verir ki, bu barədə Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs İctimai Birliyinin sədri Gülsənəm Əmrahova məlumat verib.
O bildirib ki, layihə çərçivəsində Şabran rayonunun Daşlıyataq və Xırdaoymaq kəndlərində yerli sakinlərin iştirakı ilə keçirilən tədbirlər zamanı həmin kəndlərin əhalisinə ağac tinglərinin alınaraq verilməsinə köməklik göstərilməsi təklif olunub.
“Bu təkliflər ictimai birliyimiz tərəfindən nəzərə alınıb. Layihənin icrası başa çatdıqdan sonra ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılova məktubla müraciət edilib. Müraciətimiz müsbət qarşılanıb və nazirlik tərəfindən ictimai birliyimizə 100 ədəd göyrüş ağacı tingi təhvil verilib”, – deyə Gülsənəm Əmrahova bildirib.
QHT sədri qeyd edib ki, ağac tingləri Daşlıyataq və Xırdaoymaq kəndlərində yerli sakinlərə paylanılıb və onların iştirakı ilə yaşadıqları ərazilərdə küçə və yolların kənarlarında əkilib.
Gülsənəm Əmrahova əlavə edib ki, vətəndaşlar iməcilik aksiyasında yüksək ruhla iştirak ediblər.










