Afrikada fəaliyyət göstərən dərman istehsalçıları istehlakçı tələbatı barədə məlumat çatışmazlığı, ödənişlərin gecikdirilməsi və tənzimləmə sistemindəki problemlər səbəbindən ciddi çətinliklər yaşayırlar. Bununla belə, qitədə əczaçılıq istehsalı üçün daha əlverişli mühitin yaradılması istiqamətində işlər aparılır.
QHT.az xarici mediaya istinadən bildirir ki, Afrikada dərman istehsalı ilə məşğul olmaq şirkətlər üçün asan deyil. Əsas problemlərdən biri hökumətlərin istehsalçılara ödənişləri gecikdirməsidir. Afrikalı istehsalçılardan biri “Devex”ə bildirib ki, şirkəti 2024-cü ildə ölkə hökumətinə dərman təhvil versə də, indiyədək ödənişini ala bilməyib. İstehsalçı hökumətlə əməkdaşlığı və ödənilməmiş borc səbəbindən adının açıqlanmasını istəməyib.
Bu vəziyyət dərman istehsalçıları üçün ciddi maliyyə çətinlikləri yaradır. Şirkətlər istehsal müəssisələrinin qurulmasına, keyfiyyətli dərmanların hazırlanmasına və uzunmüddətli tənzimləmə prosedurlarına böyük vəsait xərcləyirlər. Bəziləri bu məqsədlə yüksək faizli kreditlər də götürürlər. Lakin hökumətlərin ödənişləri gecikdirməsi şirkətlərin borc yükünü və faiz xərclərini daha da artırır.










