Süni intellekt sahəsində əldə olunan böyük gəlirlər gələcəkdə xeyriyyəçilik və qrant maliyyələşməsinin artmasına səbəb ola bilər. Dünyanın ən böyük inkişaf təşkilatlarından biri olan BRAC bu imkanlardan yararlanmaq və süni intellekt əsaslı layihələrini genişləndirmək üçün hazırlıq görür.
QHT.az xarici mediaya istinadən bildirir ki, BRAC-ın icraçı direktoru Asif Saleh iyun ayında Danimarkada keçirilən konfrans çərçivəsində “Gates Foundation” nümayəndəsi ilə görüşüb. Görüş zamanı ona süni intellekt sahəsindəki böyük maliyyə imkanlarının gələcəkdə xeyriyyəçilik üçün yeni vəsait mənbəyi yaradacağı bildirilib. Fond nümayəndəsi BRAC-ın bu imkanlara hazırlaşmasının və layihələrini genişləndirmək üçün uyğun mövqe tutmasının vacibliyini vurğulayıb.
Cəmi iki ay sonra BRAC bu maliyyə imkanlarının nə qədər sürətlə reallaşa biləcəyini görüb. Anonim donor təşkilata süni intellektdən geniş istifadəni nəzərdə tutan ilkin səhiyyə layihəsi üzrə təklif hazırlamaq üçün cəmi iki həftə vaxt verib.
BRAC təqdim etdiyi layihə təklifini maliyyələşdirmə üçün seçdirə bilməsə də, gələcək mərhələlərdə yenidən müraciət etmək imkanı əldə edib. Bu hadisə süni intellekt sahəsindəki sərvətlərin beynəlxalq xeyriyyəçilik və inkişaf layihələrinin maliyyələşdirilməsinə mümkün təsirini göstərir.










