Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı üçün hesabatlılıq, şəffaflıq və korrupsiyaya qarşı mübarizədə müasir yanaşmalara dair növbəti təlim keçirilib. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov hesabatlılıq və şəffaflığın səmərəli idarəetmə üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu prinsiplərin tətbiqi aparılan islahatların nəticələrinə müsbət təsir göstərir. Şəffaf idarəetmənin təşviqi nazirliyin fəaliyyətində prioritet istiqamətlərdəndir.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycanda korrupsiyaya qarşı mübarizənin hüquqi və institusional əsasları, qəbul edilmiş strateji sənədlər və fəaliyyət planları barədə məlumat verib. O, qanunvericilikdəki yenilikləri, dövlət qurumlarında korrupsiya risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məsələlərini izah edib. Vətəndaş müraciətlərinin, audit nəticələrinin və digər məlumat mənbələrinin risklərin aşkarlanmasında əhəmiyyətinə diqqət çəkib. Təqdimatda korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi və bu sahədə səlahiyyətli struktur bölmələrin fəaliyyəti məsələlərinə də yer ayrılıb.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli mövzu ilə bağlı praktik nümunələr təqdim edib. Hesabatlılıq və şəffaflığın ictimai etimadın möhkəmlənməsində, məsuliyyətin artırılmasında və idarəetmənin səmərəliliyində rolunu izah edib.
Təlimdə dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının korrupsiya risklərinin azaldılmasına təsiri, Azərbaycanda tətbiq olunan təcrübələr və beynəlxalq yanaşmalar nəzərdən keçirilib. Korrupsiya və qulluq mənafeyi əleyhinə cinayətlərə dair statistik göstəricilər, cinayət təqibi tədbirləri və praktikada rast gəlinən hüquqpozma halları müzakirə olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, gündəlik fəaliyyətdə qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təlim qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilib.










