Apple video podkast xidmətini genişləndirir. Yaxın zamanda Apple Podcasts platformasında yayımlanan video podkastları Apple TV tətbiqi vasitəsilə də izləmək mümkün olacaq. Lakin yenilik ilk mərhələdə yalnız beş ölkədə istifadəyə veriləcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, Apple şirkəti video podkast təcrübəsini televizorlara daşımağa hazırlaşır. Yeni funksiya sayəsində istifadəçilər sevdikləri podkast proqramlarını artıq yalnız telefon və planşetlərdə deyil, televizor ekranında da izləyə biləcəklər.

Şirkətin Apple Podcasts for Creators səhifəsində yayımladığı məlumata görə, video podkastlar Apple TV 4K, dəstəklənən smart televizorlar, iPhone, iPad, Mac və CarPlay dəstəkləyən avtomobillərdə Apple TV tətbiqi vasitəsilə əlçatan olacaq.

Yenilikdən yararlanmaq üçün kontent yaradıcılarının əlavə əməliyyat aparmasına ehtiyac qalmayacaq. Apple Podcasts kataloqunda açıq şəkildə yayımlanan və platformanın qaydalarına uyğun olan bütün video podkastlar avtomatik olaraq Apple TV tətbiqində də görünəcək.

Bunun üçün əlavə müqavilə və ya xüsusi şərt tələb olunmur.

Qeyd edək ki, yeni funksiya ilkin mərhələdə beş ölkədə istifadəyə veriləcək. Türkiyə isə bu ölkələr siyahısına daxil edilməyib.